|
Böyrəklər – paxlaya bənzər cüt orqanlar olub
peritonarxası sahədə onurğa sütununun yan tərəfində
yerləşir. Yetkin adamlarda hər bir böyrəyin uzunluğu 10–12
sm, eni 5–6 sm, qalınlığı isə 4 sm-ə bərabərdir. Hər bir
böyrəyin çəkisi orta hesabla 120–200 qramdır. Sağ böyrək
soldan 2–3 sm aşağıda yerləşir. Böyrəklərin əsas funksiyası
sidiklə orqanizmdə olan toksiki maddələri və artıq mayeni
xaric etməkdir. Gün ərzində orta hesabla böyrəklər 200 litrə
qədər qan filtrasiya edir. Eyni zamanda böyrəklər arterial
təzyiqin normada saxlanmasında böyuk rol oynayır,
eritropoezdə və sümük toxumasının yaranmasında iştirak edir.

Daşin əmələ gəlməsi prosesi
Sidiyin əmələ gəlməsində və xaric olunmasında pozğunluqlar
baş verdikdə böyrəklərdə mineral çöküntülər – “daşlar” əmələ
gəlir. Bu xəstəliyə – sidik daşı xəstəliyi, nefrolitiaz,
urolitiaz və ya böyrək daşı adlanır. Xəstəliyin əsas
səbəblərindən biri maddələr mübadiləsinin, xüsusən də su-duz
balansının pozulmasıdır. Məsələn, orta iqlim qurşağında
yaşayan insanlar isti ölkələrə getdikdə az bir müddət
ərzində böyrək daşı xəstəliyinə tutulurlar. Belə ki, orda
olduqları müddətdə onlar çoxlu miqdarda maye qəbul edirlər,
lakin mayenin çox hissəsini tər ifrazı ilə itirirlər. Bu
zaman böyrəklərdə əmələ gələn sidik çox yüksək
konsentrasiyaya malik olur, həll olmuş şəkildə olan duzlar
isə kristallaşmağa başlayır və daşlar əmələ gəlir.
|
 |
 |
|
Oksalat daşları |
Daşın kristalik strukturu |
Sidik daşı xəstəliyi əsasən şəhərdə yaşayan adamlarda rast
gəlinir. Bu da qidalanma xarakteri və həyat şəraiti ilə sıx
bağlıdır. Hipodinamiya – əsas risk faktorlarından hesab
olunur. Belə ki, yataq xəstələrində böyrək daşı xəstəliyin
əsas əmələ gəlmə mexanizmi aşağıdakı kimidir: hərəkətsiz
vəziyyət Ca-un sümüklərdən xaric olunmasını sürətləndirir,
qanda kalsiumun miqdarı yüksəlir, sidiklə ifrazı artır, bu
isə daş əmələ gəlməsinə şərait yaradır..
Digər əsas səbəblərdən biri də sidik yollarında durğunluğun
olmasıdır. Sidikçıxarıcı yollarda olan hər hansı bir maneə
və ya daralma durğunluğu əmələ gəlməsinə səbəb olur. Eyni
zamanda funksional xarakterli durğunluq da əmələ gələ bilər.
Qidada ət yeməklərinin və paxlalı bitkilərin üstünlük təşkil
etməsi urat daşlarının, süd məhsullarının çoxluq təşkil
etməsi isə fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır.
Daşlar tərkibinə görə müxtılif olur. Ən geniş yayılmış
daşlar oksalat daşlardır. Urat və fosfat daşları yayılma
tezliyinə görə oksalatlardan bir qədər geriyə qalır. Bəzi
hallarda sistin tərkibli daşlara da təsadüf edilir..
Kliniki əlamətlər
Daşlar adətən ilkin olaraq böyrəklərin kasa-ləyən sistemində
əmələ gəlir. Orda olduğu müddətdə sidik axınına elə bir
maneə yaranmır və bu dövrdə xəstəliyin kliniki təzahürləri
minimum olur. Lakin daş sidik axarına keçən zaman xəstədə
çox kəskin ağrılar – böyrək sancısı meydana çıxır. Daş sidik
axarının mənfəzini tamamilə tutduqda, sidik xaric ola bilmir
və böyrəkdə toplanır. Bu proses kəskin ağrılarla müşayiət
olunur. Ağrılar kəskin və sancı xarakterli olub bel
nahiyəsində əmələ gəlir və qarının müvafiq yarısına
irradiasiya edir. Ağrılar periodik olaraq sakitləşməklə bir
neçə saat və hətta gün davam edə bilir. Sidik axarında olan
daş vəziyyətini dəyişdikdə və ya xaric olduqda ağrı sona
yetir. Sidik axarına keçə bilməyən daha böyük ölçülü daşlar
sidik axınına mane olmasa uzun müddət heç bir kliniki əlamət
verməyə bilər. Bu daşlar çox vaxt kasa-ləyən sisteminin
boşluğunu tamamilə tutaraq hərəkətsiz olur, buna görə də
tipik böyrək sancısı müşahidə olunmur. Kasa-ləyən sisteminin
formasını aldığına görə çox vaxt bu daşlara mərcanvari
daşlar deyilir. Lakin uzun müddət bu daşların qalması çox
ciddi ağırlaşmalara – kəskin və xroniki pielonefritə,
pionefroza və xroniki böyrək çatmamazlığına səbəb ola bilər.
Böyrəklərdə “qum”
Çox vaxt urolojı USM-dən keçərkən pasiyentlərin
əksəriyyətinə böyrəklərdə “ qum” olması söylənilir. Tibbi
nöqteyi nəzərdən bu bir qədər yanlış hesab olunur. Bəzi USM
mütəxəssisləri böyrəyin kasa-ləyən sistemində bir neçə mm.
ölçüdə çox xırda strukturlara böyrək “qumu” diaqnoxu
qoyurlar. USM olaraq bu strukturlar böyrəyin bütün
toxumasına nisbətən sərt görünə bilər. Əslində isə bu
insanın anatomik xüsusiyyətlərindən və ya keçirilmiş hər
hansı bir patolojı prosesin qalıq əlamətlərindən ibarət
olur. Eyni zamanda əksər ultrasəs aparatları ölçüsü 4 mm və
ondan yuxarı olan daşları aşkar etmək qabilliyyətinə
malikdir. Buna görə də ultrasəs olaraq ölçüsü 3–4 mm-dən
aşağı dan strukturlara daş adı vermək olmaz. Eyni zamanda
böyrəkdə qum dənəcikləri da qala bilməz. Sidik axını
pozulmayıbsa ya sidikdə xaric olar, ya da böyüyərək daşa
çevrilir. Buna görə də “böyrəklərdə qum” diaqnozu özünü
doğrutmur.
Sidik daşi xəstəliyin diaqnostikasi
N.Tusi adına klinikanın urologiya şöbəsində sidik daşı
xəstəliyinin kompleks müayinəsi və müalicəsini aparmaq üçün
hər bir şərait mövcuddur. Burada olan avadanlıqlar nəinki
daşı aşkar etməyə, eyni zamanda onun tərkibini, dəqiq
lokalizasiyasını təyin etməyə, sidikçıxarıcı yollarda əmələ
gəlmiş pozğunluğun xarakterini və dərəcəsini öyrənməyə imkan
verir. Bu isə pasiyentlərin hər biri üçün optimal müalicə
metodunu seçməyə şərait yaradır.
Skrininq diaqnostika üçün USM-dən istifadə edilir. Bu
metodla böyrəklərdə və sidik kisəsində olan daşların ölçüsü
və miqdarı təyin olunur. Əgər sidik axınında hər hansı bir
maneə olarsa o zaman USM olaraq böyrəklərin kasa-ləyən
sistemində genişlənmə qeyd olunur. Əgər daş böyrəklərdə
deyil sidik axarında yerləşərsə bu zaman daşın dəqiq
lokalizasiyası, ölçüsü, forması və strukturunu təyin etmək
üçün əlavə müayinə metodlarından istifadə olunur. Sidik daşı
xəstəliyinin diaqnostikasında rentgenoloji metodlar çox
geniş tətbiq olunur. Ümumi “icmal” rentgenoqrafiya,
ekskretor uroqrafiya, sistoqrafiya və s. bu metodlara
aiddir. İcmal rentgenoqrafiyada çox vaxt daşın kölgəsini
görmək olur. Lakin rentgenonegativ daşlar (məsələn, urat
daşları) rentgen şəklində görünməyə bilər.
Müəyyən hallarda ekskretor uroqrafiyadan istifadə edilir. Bu
zaman venadaxili xüsusi kontrast maddə yeridilir və sonra
rentgen şəkli çəkilir. Kontrast maddə böyrəklərdən süzülərək
sidikçıxarıcı yollarla xaric olur və bu zaman həmin yollar
“rənglənir”. Adi rentgen şəklində sidik yolları görünmür. Bu
üsul sidikçıxarıcı yollarda olan maneənin dəqiq
lokalizasiyasını və sidik yollarının nə dərəcədə
genişlənməsi təyin etmək üçün əvəzedilməzdir.
Sidik daşı xəstəliyinin müasir diaqnostikasında kompüter
tomoqrafiyanın özünəməxsus yeri vardır. Bu metod istənilən
strukturlu daşları aşkar etməyə və onun dəqiq
lokalizasiyasını təyin etməyə imkan verir.
Laborator müayinə metodlarına isə qanın və sidiyin ümumi
analizi, lazım gəldikdə biokimyəvi müayinələr aid edilir.
Sidiyin ümumi analizi hematuriya, leykosituriya daşların
mineral tərkibi və sidiyin reaksiyasını təyin etmək üçün
informativdir.
Müalicə
Terapevtik metodlar
Müasir tibb urat daşların xüsusi dərman preparatlarından
istifadə etməklə əritmək metodlarına malikdir. Müalicə
əsasən qanda sidik turşusunun miqdarın normallaşdırmaq və
sidiyin reaksiyasını zəif turş xassəli etmək istiqamətində
yönəlir. Bunun üçün xəstəyə xüsusi pəhriz təyin olunur,
qələvi tərkibli minerallar (məsələn, “Borjomi” mineral suyu)
və xüsusi dərman preparatları qəbul etmək tövsiyə olunur.
Müalicə düzgün aparılarsa bəzi hallarda hətta urat tərkibli
mərcanvari daşları da əritməyə nail olunur.
Litotripsiya
Sidik daşı xəstəliyinin ən effektli müasir müalicə metodları
– zərbə dalğalı distansion litotripsiya və kontakt lazer
litotripsiyasıdır. Hər iki metod N,Tusi adına klinikanın
urologiya şöbəsində uğurla tətbiq olunur.
Zərbə dalğalı distansion litotripsiya – litotripter
vasitəsilə qeyri-invaziv yolla sidik daşlarının
parçalanmasıdır. Aparat zərbə dalğasını generasiya edərək,
nazik dəstə şəklində fokuslandırır, USM və ya rentgen
müayinəsinin köməyi ilə daşa doğru istiqamətləndirir.
Dalğalar ətraf toxumaları zədələməyərək yalnız daşlara təsir
göstərir. Nəticədə daşlar xırda fraqmentlərə parçalanaraq
sidik axını ilə sidikşıxarıcı yollarla xaric olunur.
Ətraflı. . .
Endocərrahi kontakt lazer litotripsiyası daha ağır hallarda
tətbiq olunur. Məsələn, daş sidik axarına yerləşərsə və
distansion litotripsiya ilə parçalanmazsa və ya sidik
kisəsində böyük ölçülü daş aşkar olunarsa bu zaman
endocərrahi metodlar tətbiq olunur. Endoskop vasitəsilə daşa
lazer impulsları ötürülür və nəticədə daş xırda fraqmentlərə
parçalanaraq elə əməliyyat vaxtı sidikçıxarıcı yollarla
xaric olunur. Ətraflı...
Yuxarıda göstərilən metodlardan əlavə şöbədə açıq (klassik)
üsulla da bir sıra uroloji əməliyyatlar aparılır. |