Siz buradasınız: Stasionar/ Urologiya/ ...

LAZER PROSTATEKTOMİYA

N. Tusi adına Klinikanın urologiya şöbəsi dünya standartlarına uyğun xidmətlərini davam etdirir. Müasir tibb texnologiyasının ən son nailiyyətlərindən olan holmium lazer prostatektomiya əməliyyatı ilə prostat əməliyyatına ehtiyacı olan insanlara daha komfortlu və təhlükəsiz bir seçim təklif olunur.

Prostat vəzi əməliyyatına ehtiyacı olan xəstələrin artıq yeni bir seçimi var – müasir lazer prostatektomiyası. Bu əməliyyat digər prostat əməliyyatlarından fərqli olaraq xəstələr tərəfindən daha yüngül keçirilir və onlar normal həyata daha tez qayıda bilirlər. Lazer prostatektomiya əməliyyatının digər endoskopik (yəni kəsiksiz aparılan) prostat əməliyyatlarından fərqi ondan ibarətdir ki, əməliyyat zamanı lazer zədələnən qan damarlarını bağlayaraq mövcud ola biləcək böyük həcmli qanaxmaların qarşısını almağa imkan verir.

Aşağıda prostat vəzi əməliyyatları ilə əlaqədar ən çox verilən suallar və onların cavabları göstərilir:

Prostat vəzi nədir?

Prostat vəzi sidik kisəsinin boynu və sidik kanalının başlanğıcı ətrafında yerləşən vəzidir. Onun əsas funksiyası (toxum hüceyrələri üçün qidalandırıcı ifrazat) ilə yanaşı ikinci funksiyası da var – eyakulyasiya zamanı toxumun geriyə, yəni sidik kisəsinə doğru axmasının qarşısını almaq. (Şəkil 1)

Portağal öz qabığı içərisində yerləşdiyi kimi prostat vəzi də kapsula içində yerləşib.

Prostat vəzinin böyüməsinin səbəbləri tam aydın deyil, lakin bunu qanda hormonların səviyyələrinin dəyişməsi ilə əlaqələndirirlər.

Şəkillərə nəzər yetirsəniz görərsiniz ki, böyümüş prostat vəzinin sidik kanalını sıxması nəticəsində sidiyin xaric olunmasına maneə yaranır. Şəkil 2

Lazer prostatektomiya nə deməkdir?

Lazer prostatektomiya – cərrahın lazer şüalarından istifadə edərək böyümüş prostat vəzini və ondan keçən sidik kanalının sıxılmış hissəsini xaric etməsi deməkdir. Əməliyyat zamanı zədələnmiş qan damarları lazer vasitəsilə bağlandığı üçün bu əməliyyat zamanı qanaxma ehtimalı çox azdır. Lazer prostatektomiya zamanı prostat vəzinin kapsulası yerində qalır və onun səthi əməliyyatdan sonrakı 1–3 ay ərzində tam sağalır.

Prostat vəzi toxumasının çıxarılmasının effekti nədir ?

Əməliyyatdan dərhal sonra sidik şırnağında nəzərəçarpan dəyişiklik baş verir.Prostat vəzinin yatağı sağaldıqca siyimə aktına nəzarət də bərpa olunur. Bəzi xəstələrdə bu əlamət daha tez bərpa olunur, bəzilərində isə əməliyyatdan sonra 2–3 ay müddətində gecələr 2–3 dəfə sidiyə getmək müşahidə olunur.

Mənim cinsi həyatıma bu əməliyyatın nə kimi mənfi təsiri ola bilər?

Bu, əməliyyatla bağlı ən çox rast gəlinən narahatçılıqdır. Ancaq narahatlığa elə də ciddi səbəb yoxdur. Buna baxmayaraq nəzərə almalısınız ki, əməliyyatdan sonra cinsi əlaqə zamanı quru eyakulyasiya baş verir. Bu da prostat vəzi çıxarıldıqdan sonra toxumun cinsi əlaqə zamanı sidik kisəsinə doğru axması və sonradan sidiklə birlikdə xaric olması ilə əlaqədardır. Bu tamamilə zərərsizdir və əməliyyatdan sonrakı dövrdə normal siyimə aktı kimi qiymətləndirilməlidir. Lakin belə vəziyyət mütləq deyil və kişilərin böyük əksəriyyəti lazer prostatektomiyadan sonra normal eyakulyasiyaya malik olurlar.

Əməliyyat sidik saxlama qabiliyyətinə necə təsir göstərir?

Müvəqqəti olaraq bir neçə həftə müddətində belə əlamətlər müşahidə edilə bilər. Lakin bu müvəqqəti hal olub, əksər hallarda öz-özünə keçir. Çox nadir hallarda belə vəziyyət bir neçə ay davam edə bilər.

Əməliyyat zamanı ağrısızlaşdırma.

Əməliyyat zamanı adətən ümumi anesteziyadan istifadə edilir. Bəzi xəstələrdə digər anesteziya növləri (epidural, spinal və s.) də tətbiq edilə bilər.

Əməliyyatdan sonra oyanarkən nə ilə rastlaşacağam?

Əməliyyatdan sonra oyanarkən siz sidik kisənizdə daimi kateterin olmasını və ona bağlı olan sidik torbasında qanlı sidik müşahidə edəcəksiniz. Qeyd olunan qan adətən bir neçə saat ərzində təmizlənir və böyük əhəmiyyət kəsb etmir. (yadda saxlayın, bir neçə damla qan kifayətdir ki, sidiyiniz al-qırmızı rəngdə olsun)

Kateter bir gün ərzində sidik kisənizdə qalacaq və ertəsi gün xaric ediləcək. Kişilərin əksəriyyəti bir neçə saat ərzində sərbəst sidiyə gedir və beləliklə günorta vaxtı evə yazılırlar. Hətta siz özünüz belə evəcən öz avtomobilinizi idarə edə bilərsiniz.

Əməliyyatdan sonra özünü tam olaraq sağlam hiss etmək üçün nə qədər vaxt tələb olunur?

Əməliyyatdan sonra siz dərhal aktivsiniz, lakin prostat boşluğunun tam sağalması üçün müəyyən vaxt tələb olunur. Belə ki, əməliyyatdan sonrakı dövrdə ilk vaxtlarda siyimə aktında diskomfort müşahidə edilə bilər: tez-tez sidiyə getmək, gecələr sidiyə getmək üçün oyanmaq və s. Bu kimi halların qarşısını almaq üçün müəyyən dərman preparatları qəbul edilir və qeyd olunan əlamətlər getdikcə azalaraq itir. Tam sağalma 3 aya qədər çəkə bilər. Bəzi xəstələr siyimə aktı zamanı bir qədər qan ifrazını qeyd edirlər, lakin qan itkisi çox cüzi olduğundan ciddi bir problem törətmir.

Əməliyyatdan sonrakı 6-cı həftədə siz bəzi müayinələrdən keçməlisiniz: sidik şırnağının gücünün ölçülməsi (urofloumetirya), simptomların sorğu vərəqinin doldurulması və s. Bu da aparılmış əməliyyatın nə qədər effektli olmasını dəyərləndirməyə imkan verir.

 

Şəkil 1. Normal Prostat

 

Şəkil 2. Böyümüş Prostat

 

Şəkil 3. Prostatektomiyadan dərhal sonra

 

Şəkil 4. Tam sağaldıqdan sonra