Siz buradasınız: Stasionar / Urologiya / ...

RU

EKSTRAKORPORAL DİSTANSİON ZƏRBƏ-DALĞALI LİTOTRİPSİYA

Ekstrakorporal distansion zərbə-dalğalı litotripsiya (DZDL) – sidik daşı xəstəliyinin müasir qeyri-invaziv müalicə metodudur. Bu metodun məğzini konkrementin insan bədənindən zərbə ilə keçən akustik dalğalar vasitəsilə parçalanması təşkil edir.

Böyrəklərdə, sidik axarında, sidik kisəsində olan daşların parçalanması xüsusi aparat – litotriptor vasitəsilə həyata keçirilir. Bu aparat zərbə dalğasını generasiya edərək onu nazik dəstə şəklində fokuslaşdırır, USM və ya rentgen müayinəsi vasitəsilə konkrementə doğru istiqamətləndirir. Zərbə dalğası fokuslaşma nöqtəsinə qədər olan məsafədə bədən toxumalarını zədələnmir və yalnız orada öz təsirini göstərir. Nəticədə daş xırda fraqmentlərə parçalanır və sidik axını ilə sidik axarları və sidik kisəsindən keçərək xaric olunur.

Distansion litotripsiya metodu bir çox hallarda sidik daşı xəstəliyindən əziyyət çəkən insanların operativ müdaxilə olmadan konkrementlərdən azad olmasına imkan verir. Distansion litotripsiya metodu konkrementlərin ölçüsü 25 mm-ə qədər olduğu hallarda uğurla nəticələnir. Endoskopik və açıq cərrahi müdaxiləyə yalnız bu metod qeyri effektiv və əks göstəriş olduğu hallarda müraciət etmək lazımdır. Distansion litotripsiya sidik daşı xəstəliyi olan yaşlı xəstələrin, eyni zamanda yanaşı ağır xəstəlikləri olan pasiyentlərin uğurla müalicə olunmasına imkan verir.

Kəskin böyrək sancılarında, konkrementin sidik axarının mənfəzini tutduğu hallarda təxirəsalınmaz distansion litotripsiya aparılır. Təcili litotripsiya nəinki pasiyenti dözülməz ağrıdan azad edir, eyni zamanda sidik axarının mənfəzini açır, bu isə digər ağırlaşmaların qarşısını alır.

N.Tusi adına Klinikanın urologiya şöbəsində İsveçrənin “Storz Medical” firmasının “Modulith SLX” litotripsiya aparatından istifadə olunur.

Bu aparatın zərbə dalğası 16,5 sm dərinliyə qədər nüfuz edə bilir, bu isə dərialtı piy təbəqəsi həddən artıq inkişaf etmiş xəstələrdə də uğurlu müdaxilə aparmağa imkan verir. Zərbə dalğasının yumşaq təsiri prosedurun heç bir anesteziyasız aparılmasına imkan verir. Bizim klinikada bu müalicə metodu hətta 5 yaşlı uşaqlara da tətbiq olunur. Ürəyin ritm pozğunluqları olan xəstələr belə bu prosedurdan tam təhlükəsiz keçə bilərlər, çünki aparata daxil edilmiş elektrokardioqraf akustik dalğaların zərbələrini ürək yığılmalarına müvafiq olaraq avtomatik sinxronlaşdırır.

Daşın ikili müşahidəsi (in-line ultrasəs lokalizasiyası və rentgen lokalizaiyası sistemi) onun lokalizasiyasının dəqiqliyinə və müalicənin effektivliyinə şərait yaradır. Ultrasəs datçiki terapevtik başlığın mərkəzində yerləşir, bu da müalicə prosesini kontrol etməyə imkan verir, daşın fokusda yerləşməsini, onun nə dərəcədə parçalanmasını təyin edir.

Litotripsiya seansından öncə xəstə proseduraya hazırlanılır.

Qabaqcadan aparılan konsultasiya zamanı həkim ultrasəs və rentgen müayinəsi vasitəsilə daşın miqdarı, lokalizasiyası, tərkibi barəsində ilkin məlumat alır. Eyni zamanda xəstə sidiyin ümumi analizini verir, yanaşı xəstəliklərindən asılı olaraq digər müayinələrdən keçir. Kəskin infeksion xəstəliklər, sidik-ifrazat sisteminin kəskin iltihabi prosesləri, eyni zamanda yanaşı gedən digər ağır xəstəliklər litotripsiya proseduruna əks göstərişdir. Ölçüsü böyük olan daşlar, sidik axarlarının və böyrəklərin inkişaf anomaliyaları zamanı da litotripsiya aparılmır.

Bir qayda olaraq prosedur acqarnına aparılır, seansdan öncə bağırsaqlar təmizlənilir (bisakodil preparatı təyin olunur).

Zərbə-dalğalı litotripsiya seansı adətən 30 dəqiqə çəkir.

Litotripsiya seansından sonra:

Zərbə-dalğalı litotripsiya seansından sonra sidik yolları ilə “qumun” xaric olması ilə bir sıra simptomlar müşahidə olunur:

  • Qanlı sidik
  • Böyrək sancısı tutması
  • Böyrəklər nahiyəsində ağrı
  • Qarın nahiyəsində ağrılar
  • Sidik kisəsi nahiyəsində ağrılar
  • Sidiyin müvəqqəti ləngiməsi, sidik ifrazı zamanı diskomfort
  • Ürəkbulanma, qusma
  • Qarının köpməsi, qəbizlik
  • Bədən temperaturunun yüksəlməsi, titrəmə, zəiflik
  • Arterial təzyiqin yüksəlməsi

Bu simptomlar litotripsiyanın ağırlaşmaları deyil və “qumun”tam xaric olmasından, sidik yollarının keçiriciliyinin, böyrəklərin funksiyasının bərpasından sonra keçib gedir. Daşların ölçüsündən, tərkibindən, böyrəklərin funksiyasından, sidik axarlarının diametrindən, xəstənin aktivliyindən, qəbul olunan mayenin miqdarından, orqanizmin anatomik quruluşundan, sidikçıxarıcı yolların anomaliyalarından, piylənmədən asılı olaraq “qum” və daş fraqmentlərinin xaric olması 3 gündən bir aya qədər uzana bilər.

“Qumun” xaric olmasını asanlaşdırmaq üçün aşağıdakıları etmək tövsiyyə olunur:

  • Sutka ərzində 4-5 litrə qədər maye qəbul etmək
  • Çoxlu hərəkət etmək lazımdır, uzun müddət oturmaq və ya uzanmaq olmaz
  • Sidik ifrazını ləngitməmək
  • Soyuqdan qorunmaq
  • Dietaya əməl etmək

Sidik ifrazı zamanı diskomfort olarsa bel nahiyəsini 30 dəqiqə müddətində isti vanna etmək olar. Lazım olan hallarda həkim müvafiq preparatlar (ağrıkəsicilər, iltihabəleyhi preparatlar, antibiotiklər və s.) təyin edə bilər.

Litotripsiya seansından 15 gün sonra xəstənin kontrol müayinəsi aparılır.

           < < < YENİLİKLƏR > > >