Siz buradasınız: Stasionar/ Urologiya/ ...

UROLOGİYA

N. Tusi adına Klinikanın urologiya şöbəsində böyrək, sidik kisəsi, uretra, prostat vəzi xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi aparılır.

Əsas prioritet istiqamət sidik-cinsiyyət sistemi orqanlarında endoskopik və mikrocərrahi əməliyyatların aparılmasından ibarət olsa da, göstərişə uyğun olaraq bütün növ açıq cərrahi müdaxilələr də aparılır.

Bu profildən olan xəstələrin müayinəsində aşağıdakı metodlardan istifadə olunur:
  • Transabdominal və transrektal ultrasəs müayinəsi, iri və xırda damarların doppleroqrafiyası
  • Urofloumetriya (sidik ifrazının keyfiyyətinin obyektiv müayinəsi)
  • Rentgen diaqnostika – ekskretor uroqrafiya, sistoqrafiya (kontrast maddələrdən istifadə etməklə aparılır)
  • Kompüter tomoqrafiya (KT)
  • Maqnit-rezonans tomoqrafiya (MRT)
  • Sistoskopiya (sidik kisəsinin endoskopik müayinəsi)
  • Prostat vəzinin incə iynə biopsiyası, xayaların biopsiyası və biopsiya materialının histoloji müayinəsi
  • Laborator diaqnostika – kliniki müayinələr (sidiyin ümumi analizi, sidiyin bakterioloji müayinəsi, spermoqramma, uretral yaxmanın və prostat vəzi şirəsinin mikroskopiyası və s.), biokimyəvi, hormonal müayinələr, sidik-cinsiyyət sistemi infeksiyalarının PZR, İFA və İFR üsulları ilə diaqnostikası və s.

Prioritetlər

  • Holmium lazerindən istifadə etməklə prostat vəzinin xoş xassəli hiperplaziyalarında (adenoma) transuretral (TUR) əməliyyatların aparılması (adətən bu tip əməliyyatlar həcmi 40-60 sm3 olan adenomalarda aparılır)
  • Böyrək, sidik kisəsi və sidik axarları daşlarının zərbə dalğalı distansion litotripsiya metodu ilə dağıdılması
  • Böyrək, sidik kisəsi və sidik kanalı daşlarının Holmium lazeri vasitəsilə endoskopik kontakt litotripsiyası
  • Sidik axarı və sidik kanalı xəstəliklərinin endocərrahi və mikrocərrahi müalicəsi (hipospadiya, uretranın strikturası, varikosele, uretrosele, konkrementlər və s.)

Azərbaycanda ilk dəfə olaraq prostat vəzinin xoşxassəli hiperplaziyalarında LUMENİS (ABŞ) holmium lazerindən istifadə etməklə müasir endoskopik lazer prostatektomiya əməliyyatı aparılır.

Prostat vəzinin xoş xassəli hiperplaziyasından əziyyət çəkən xəstələrdə lazer prostatektomiya və ya prostat vəzinin endoskopik lazer transuretral enukleasiyası daha komfortlu və təhlükəsiz əməliyyat hesab olunur. Bu əməliyyatı xəstələr daha rahat keçirir və normal həyat rejiminə daha tez qayıdırlar. Holmium lazerindən istifadə digər endoskopik əməliyyatlara nisbətən əməliyyat zamanı və sonra qanaxmanı minimuma endirir. Ətraflı.....

Eyni zamanda şöbədə prostat vəzinin endoskopik transuretral rezeksiyası, açıq prostatektomiya, radikal prostatektomiya və s. əməliyyatlar aparılır.

Sidik daşı xəstəliyinin geniş spektrli müalicəsi aparılır: kontakt və distansion litotripsiya, daşların operativ yolla xaric edilməsi.

Ekstrakorporal zərbə dalğalı distansion litotripsiya – sidik daşı xəstəliyinin müasir qeyri-invaziv müalicə metodudur. Böyrəklərdə, sidik axarlarında, sidik kisəsində olan daşların parçalanması xüsusi aparat – litotripter vasitəsilə həyata keçirilir. İstifadə olunan zərbə dalğaları yalnız fokus nöqtəsində təsir göstərərək, ətraf toxumaları zədələmir, nəticədə daşlar çox xırda faqmentlərə parçalanır və sidikçıxarıcı yollarla xaric edilir. Distansion litotripsiya yalnız ölçüsü 25 mm-ə qədər olan daşlar zamanı effektli olur. Ətraflı....

Distansion litotripsiyanın tətbiqinin qeyri-effektiv olduğu hallarda digər müalicə metodlarından istifadə edilir (endoskopik və ya açıq əməliyyatlar). Məsələn, sidik kisəsi, sidik axarı, böyrəklər və uretranın iri ölçülü daşlarında holmium lazerindən istifadə etməklə endoskopik litotripsiya aparılır. Bundan başqa klassik açıq əməliyyatlar da aparılır. Şöbədə böyrəklər və sidik kisəsində bir sıra əməliyyatlar aparılır: sidik kisəsi şişinin transuretral – endoskopik rezeksiyası, açıq sistolitotomiya, perkutan sistostomiya, sidik kisəsinin nazik bağırsaq plastikası, sidik kisəsi boynunun rezeksiyası, sidik kisəsinin travmalar nəticəsində zədələnməsi zamanı bərpaedici rekonstruktiv əməliyyatlar, pielonefrolitotomiya və anatrofik nefrolitotomoya, parsial və radikal nefrektomiya, böyrək kistasının rezeksiyası, böyrək kistasının perkutan aspirasiyası və s.

Sidik axarı, sidik kanalı və xarici cinsiyyət orqanlarında aşağıdakı əməliyyatlar aparılır:

  • Uretoplastika
  • Hipospadiyanın operativ müalicəsi
  • Uretrosele zamanı endoskopik və klassik əməliyyat
  • Eyakulyator axarın transuretral rezeksiyası
  • Endoskopik litotripsiya
  • Varikosele, hidrosele, spermatosele zamanı aparılan əməliyyatlar, xayaların biopsiyası və s.

Şöbənin təchiz olunduğu tibbi avadalıqlara aşağıdakılar aiddir:

  • Versa Pulse holmium lazeri – LUMENİS (ABŞ)
  • MODULİTH SLX litotripteri – KARL STORZ (Almaniya)
  • Endoskopik avadanlıqlar – KARL STORZ (Almaniya)