Siz buradasınız: Stasionar/ Travmatologiya və ortopediya/ ...

ARTROSKOPIYA

Artroskopiya – oynaqlarda endocərrahi əməliyyatlar aparmağa imkan verən müalicə metodudur. Kiçik ölçülü miniatür cərrahi instrumentlər, videomonitor və videokamera çox xırda kəsiklər (5 – 6 mm) vasitəsilə oynaqlarda əməliyyatlar aparmağa imkan verir.

Bu gün N. Tusi adına Klinikada yüksək texnologiyalı artroskopik əməliyyatlar həyata keçirilir. Bu əməliyyatlar diz oynağının travmalarında (menisklərin, xaçabənzər bağların zədələnməsində, oynaq qığırdağının lokal xarakterli zədələnmələrində), revmatoid artrit və digər xəstəliklər zamanı çox yaxşı nəticələr verir.

Diz oynağı mürəkkəb biomexaniki sistemə malik olub bud sümüyünün, qamış, inci sümüklərinin qığırdaqla örtülü səthlərindən, diz qapağından, menisklərdən, xaçabənzər və yan bağlardan, sinovial qişadan, oynaq mayesindən və oynaq kisəsindən təşkil olunmuşdur. Buna görə də oynağı təşkil edən istənilən komponentin zədələnməsi onun hərəki funksiyasının pozulmasına səbəb olur. Oynada ağrı, şişkinlik əmələ gəlir, hərəkət məhdudlaşır.

Müasir artroskopiya diz oynağı xəstəliklərinin müalicəsində çox geniş istifadə olunur. Bu metodun meydana çıxmasına qədər xəstələr əksər hallarda simptomatik müalicə ilə kifayətlənməli olurdular. Travmatik zədələnmələrlə müşayiət olunan açıq müdaxilələrdən isə çox vaxt çəkinirdilər. Xəstələrin əksəriyyəti aktiv hərəkət qabiliyyətini ömürlük itirməli olurdular.

Müasir dövrümüzdə artroskopik əməliyyatlar idman təbabətində də çox geniş istifadə olunur. Bu əməliyyatlar sayəsində əksər idmançılar ağır travmatik zədələnmələrdən sonra da professional fəaliyyətə qayıda bilirlər.

Əməliyyat necə aparılır?

Diametri 3-4 mm olan miniatür videokameraya malik uzun, yumşaq kabelli artroskop kiçik bir kəsiklə oynaq boşluğuna daxil edilir. Artroskop oynaq boşluğuna daxil edildikdən sonra monitorda bütün oynaqdaxili strukturlar böyüdülmüş şəkildə təsvir olunur. Məhz buna görə də artroskopiya zamanı həkim oynaqda olan ən xırda dəyişikliyi belə görüb aradan qaldırmaq imkanına malikdir. İkinci kiçik kəsik vasitəsilə oynaq boşluğuna miniatür instrumentlər daxil edilir. Əməliyyatın gedişi zamanı oynaq boşluğu fizioloji məhlulla doldurulur. Əməliyyat zamanı yerli, ümumi, spinal anesteziyadan istifadə oluna bilər. Artroskopiya vasitəsilə menisklərin zədələnmiş hissələrini xaric etmək, zədələnmiş oynaq bağlarını və oynaq qığırdağını bərpa etmək və digər bu kimi mürəkkəb cərrahi manipulyasiyaları həyata keçirmək olar.

Artroskopik əməliyyatların ən böyük üstünlüyü toxumaların minimal zədələnməsidir. Ənənəvi açıq operativ müdaxilələrdən fərqli olaraq əməliyyatdan sonrakı bərpa müddəti xeyli qısalır. Məsələn meniskin bir hissəsinin artroskopik rezeksiyasından sonra xəstəyə elə həmin gün axşam yeriməyə icazə verilir. 2 həftədən sonra isə xəstə normal iş rejiminə qayıda bilər.

N. Tusi adına Klinikanın travmatologiya və ortopediya şöbəsində aşağıdakı artroskopik əməliyyatlar həyata keçirilir:
  • Diz oynağının ön və arxa xaçabənzər bağlarında aparılan bərpaedici rekonstruktiv əməliyyatlar
  • Meniskin bərpası
  • Meniskin rezeksiyası – hissəvi xaric edilməsi
  • Travmalardan sonra oynaq debritmanı (bitişmələrin, çapıqların, sərbəst cisimlərin xaric edilməsi)
  • Oynaq boşluğunda olan sərbəst sümük və qığırdaq fraqmentlərinin xaric edilməsi
  • Bitişmələrin, sinovial qişanın büküşlərinin və törəmələrin xaric edilməsi, sinovial qişanın biopsiyası
  • Oynaq qığırdağı patalogiyalarında aparılan mozaik xondroplastika
  • Zədələnmiş oynaq qığırdağı nahiyələrinə xondroprotektorların lokal yeridilməsi
         < < < MƏQALƏLƏR > > >

Artroskopiya

oynaqlarda endocərrahi əməliyyatlar aparmağa imkan verən müalicə metodudur. Kiçik ölçülü miniatür cərrahi instrumentlər, videomonitor və videokamera çox xırda kəsiklər (5 – 6 mm) vasitəsilə oynaqlarda əməliyyatlar aparmağa imkan verir.
Ətraflı>>>
Bud-çanaq oynağının endoprotezləşdirilməsi

Bud-çanaq oynağı sadə oynaqlardan olub bud sümüyü başından və sirkə kasasından ibarətdir. Normada oynaq başı və oynaq boşluğu qığırdaqla örtülüdür. Bu isə hərəkət zamanı oynaq başının oynaq boşluğunda sürtünməsinin qarşısını alır, ağrı olmur.
Ətraflı>>>
ONURĞA SÜTUNU CƏRRAHİYYƏSİ

müasir təbabətin ən sürətlə inkişaf edən sahələrindən biridir. Son on ildə bu sahədə əldə edilmiş elmi və texniki nailiyyətlər onurğa sütunu cərrahiyyəsinə kifayət qədər yeniliklər gətirmişdir.
Ətraflı>>>
VERTEBROPLASTİKA

onurğa sütununun zədələnmiş hissələrinin xüsusi plastik material və ya sümük sementindən istifadə etməklə möhkəmləndirilməsidir. Bu əməliyyat onurğa sütunu fəqərələrinin sinir strukturlarının sıxılması ilə müşahidə edilməyən travmatik və ya patoloji kompression sınıqları zamanı tətbiq edilir.
Ətraflı>>>
SKOLIOZ

onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına (torsiya) deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır.
Ətraflı>>>