Siz buradasınız: Stasionar/ Doğum şöbəsi/ ...

RU

HAMİLƏLİYİN MONİTORİNQİ

N. Tusi adına Klinikada hamiləliyi müşahidə altına almaq üçün xüsusi proqram tətbiq edilmişdir. Proqram kompleks şəkildə olub bütün hamiləlik müddətində pasiyentə hər cür tibbi, psixoloji yardım göstərməyə imkan verir. Buraya həmçinin doğuşdan sonrakı periodda da pasiyentlərin müayinə olunması daxildir.

Proqrama əsasən hamilə qadın hamiləlik müddətində və doğuşdan sonrakı dövrdə 10 dəfə həkim müayinəsindən keçməlidir. Hamiləliyin ilk aylarında klinikamızın doğum şöbəsində qeydiyyatdan keçmək daha məqsədəuyğundur. Həkimə ilk gəlişinizdə siz bir sıra laborator müayinələrdən keçməlisiniz (qanın ümumi və biokimyəvi analizi, TORCH infeksiyaları, RW, QİÇS, HBV, HCV, xorion qonadotropin, AFS (antifosfolipid sindrom), qan qrupu və rezus faktor, sidiyin ümumi və biokimyəvi anlizi, vaginal yaxmanın mikroskopiyası). Əgər qanda antirezus antitellər aşkar edilərsə o zaman sonrakı aylarda bu antitellərin davamlı monitorinqi aparılır. Hamiləliyin müddətindən asılı olaraq ultrasəs müayinəsi planlaşdırılır.

İlk trimestrdə həkim ginekoloqun konsultasiyası ilə yanaşı terapevt, oftalmoloq, stomatoloq, otorinolarinqoloq ve psixoloqun da müayinəsi aparılır.
Proqrama həmçinin həkim genetikin konsultasiyası, üçlü test (xorion qonadotropin, AFP, sərbəst estriol) də daxil edilmişdir. Hamiləliyin ikinci trimestrində bu müayinələrdən keçmək çox vacibdir. İkinci və üçüncü trimestrdə ana və dölün müşahidəsi davam etdirilir, USM monitorinqi aparılır, təkrar olaraq qanın və sidiyin ümumi və biokimyəvi analizləri, koaquloqramma təyin edilir. Planlı müayinələrdən əlavə ehtiyac yarandığı hallarda digər həkimlərin konsultasiyaları və müayinələri təyin edilir. Üçüncü trimestrdə 36–37-ci həftədən başlayaraq həkimə hər gəlişdə hamilə qadının kardiotokoqrafik müayinədən keçməsi tövsiyyə edilir. Eyni zamanda təkrar olaraq RW, QİÇS, HBV, HCV analizlərini vermək mövcud normativlərə uyğundur. Doğumdan qabaq hamilə qadın həkim ginekoloq, psixoloqun konsultasiyalarından keçməklə yanaşı, USM, kardiotokoqrafiya, qanın və sidiyin ümumi analizi kimi laborator müayinələrdən keçməlidir..

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >