|
Venaların varikoz genişlənməsi (aşağı ətraf
venalarının varikoz xəstəliyi) – böyüklər arasında ən geniş
yayılmış xəstəliklərdən biridir. Dünyanın bir sıra
ölkələrində aparılan epidemioloji tədqiqatlar göstərir ki,
20–25% qadınlar və 10–15% kişilər bu xəstəlikdən əziyyət
çəkirlər.
“Varikoz” sözü latın dilində “varix, varicis” – şişkinlik
mənasındadır.Bu xəstəlik zamanı dərialtı venalar genişlənir,
qanın damarlarla axını pozulur, aşağı ətraflarda durğunluq
inkişaf edir.
Venaların varikoz xəstəliyinin müalicəsi haqqında ilk
məlumatlar hələ lap qədim dövrlərin qaynaqlarında öz əksini
tapmışdır. Belə ki, bu məlumatlara orta yunan dövrünə aid
papiruslarda da rast gəlmək olar (təxminən 3000 il bundan
qabaq).
Venaların varikoz xəstəliyi yalnız insanlara mənsubdur. Belə
ki, vertikal yerişlə əlaqədar olaraq Homo sapiens tipli
insanlarda aktiv hərəki fəaliyyət zamanı sirkulyasiya edən
qanın böyük bir hissəsi (60-70%) ürəkdən aşağı nahiyəni
əhatə edir. Bədənin vertikal vəziyyəti zamanı aşağı ətraf
venalarının divarlarına daxildən təzyiq artır. Səthi və
dərin venalarda hipertenziya inkişaf edir. Aşağı ətraflardan
qanın qayıtması nəinki ürək vasitəsilə, eyni zamanda aşağı
ətraf əzələləri (“əzələ mühərriki”, “periferik ürək”) və
venoz klapanlarla həyata keçirilir. Venoz klapanlar qanın
əks istiqamətdə axınının qarşısını alır.
Venaların varikoz xəstəliyinin inkişafının aşağıdakı
səbəbləri vardır:
- İrsi meylilik (hər iki valideynin bu xəstəlikdən əziyyət
çəkməsi xəstəliyin inkişaf riskini 60%-ə qədər artırır).
- Cinsi mənsubiyyət – kişilərə nisbətən qadınlar 1,5-2 dəfə
daha çox bu xəstəlikdən əziyyət çəkirlər. Hamiləlik,
hormonal pozğunluqlar və s. xəstəliyin inkişafına şərait
yaradır.
- Bədən çəkisinin normal göstəricilərdən artıq olması. Belə
ki, bədən çəkisinin 20%-ə qədər artması aşağı ətraf
venalarının varikoz genişlənməsi riskini 5 dəfəyə qədər
artırır.
- Uzunmüddətli statik yüklər və az hərəki aktivlik (uzun
müddət ayaq üstə durmaq, oturaq iş tərzi, ağır yüklərin
qaldırılması,hündür dabanlı ayaqqabıların geyilməsi, aşağı
ətraf əzələlərinin hərəki aktivliyinin azalması və s.).
Varikoz genişlənmə zamanı venaların elastikliyi azalır,
nəticədə onlar dartılaraq ayrı-ayrı hissələrdə əhəmiyyətli
dərəcədə genişlənir, venoz düyünlər əmələ gəlir. Genişlənmiş
venalarda qanın axın sürəti də azalaraq trombların əmələ
gəlməsinə şərait yaradır.
Xəstəlik tədricən inkişaf edir. Əsasən səthi dərialtı
venalar zədələnir. Genişlənmiş venalar dəri səthinə doğru
qabarır. Getdikcə qıvrılaraq düyünlər əmələ gətirir.
Xəstəliyin sonrakı inkişaf mərhələlərində zədələnmiş
nahiyələrdə tünd rəngli ləkələr meydana çıxır. Dəri
qidalanmasının pozulması trofik yaraların əmələ gəlməsinə
səbəb olur.
Venaların varikoz genişlənməsi əksər hallarda günün sonuna
yaxın aşağı ətrafların ödemi və şişkinliyi ilə müşahidə
edilir. Hərəkət edərkən ayaqlarda ağırlıq və dartılma hissi,
gecə qıcolmaları və s. xroniki venoz çatmamazlığının əsas
əlamətləri hesab edilir.
Xroniki venoz çatmamazlığın aşağıdakı mərhələləri ayırd
edilir:
- Kliniki əlamətlər mövcud deyil
- “Ağırlaşmış ayaqlar” sindromu, keçici ödem
- Davamlı ödem, hiper və ya hipopiqmentasiya,
lipodermateroskleroz, ekzema
- Venoz trofiki yaralar (açıq və ya sağalan)
Venaların varikoz genişlənməsinin aşağıdakı ağırlaşmaları
baş verə bilər:
- Kəskin tromboflebit
- Venoz düyünün parçalanması və qanaxma
- Xroniki venoz çatmamazlıq və trofiki yaraların inkişafı
Diaqnostika və müayinə
Bu xəstəlikdən əziyyət çəkən pasiyentlərin əsas müayinə
metodu venaların rəngli doppler ultrasəs müayinəsidir.Bu
müayinə metodu klapanların mövcud vəziyyəti, venoz sistemdə
hemodinamika barəsində dəqiq və ətraflı məlumat verir.
Cərrahi əməliyyata hazırlaşarkən bu müayinə metodundan
keçmək vacib mərhələlərdən biridir.
Müalicə
Venaların varikoz xəstəliyində aparılan müalicə kompleks
şəkildə olub, qan axınını bərpa etmək və ya yaxşılaşdırmaq,
ağırlaşmaların qarşısını almaq və s. istiqamətdə
aparılmalıdır. Bu zaman cərrahi və konservativ metodlar
kombinə edilə bilər.
Elastiki corabların, kolqotkaların və bintlərin istifadəsi
xəstəliyin konservativ müalicə metodlarına aid edilir. Qan
dövranını yaxşılaşdıran və damarların tonusunu artıran
dərman preparatları təyin edilir. Hərəki aktivliyi artırmaq
məqsədilə müalicəvi gimnastikanın aparılması məqsədəuyğun
hesab edilir.
Lakin bütün bunlarla yanaşı aşağı ətraf venalarının varikoz
genişlənməsində cərrahi müalicə əsas metod hesab edilir. Öz
normal funksiyasını yerinə yetirə bilməyən varikoz
genişlənmiş venalar artıq patoloji törəmə hesab edilir, buna
görə də onların qan dövranından xaric edilməsi (damarın
xaric edilməsi və ya sklerozlaşdırılması) venoz axının
yaxşılaşmasına səbəb olur. Varikoz venaların xaric edilməsi
flebektomiya adlanır. Bu əməliyyat nəinki aşağı ətraflarda
olan kosmetik defekti aradan qaldırır, eyni zamanda venoz
çatmamazlıq, tromboz və trofik yaralar kimi ağırlaşmaların
qarşısını alır..
|