Siz buradasınız: Poliklinika / Stomatologiya / ...

RU

DİŞLƏRİN İMPLANTASİYASI

N.Tusi adına klinikanın stomatoloji xidmətlərindən biri də tamlığını itirmiş diş sırasını bərpa etmək üçün implantasiya metodunun tətbiqidir. Bu müasir metoddan istifadə etməklə təbii dişlərdən heç də seçilməyən və uzun müddət istifadə edilə bilən diş protezləri də hazırlamaq mümkündür.

Diş implantantları (ştiftlər) və ya “süni diş kökləri”, titan qarışığından hazırlanmış vintdən ibarət olub çənə sümüyündəki alveolyar boşluğa yerləşdirilir və üzərinə ya diş koronkası, ya da diş protezi bərkidilir.

Implantasiyanın üstünlükləri

İmplantasiya olunmuş dişlər çox gözəl kosmetik effektə malik olub təbii dişlərdən demək olar ki, seçilmir. İnsan bir və ya bir neçə diş itirdikdən sonra çənə sümüyünün həmin diş kökünün yerləşdiyi hissəsi əvvəlki funksional yükdən məhrum olur. Bu isə həmin nahiyədə diş toxumasının qidalanmasının pozulmasına səbəb olur, getdikcə diş toxuması kövrəkləşir. Nəticədə üz-çənə sitstemində deformasiyalar inkişaf etməyə başlayır. İmplantat isə təbii diş kökü kimi sümük toxumasına dayaq rolu oynayır. Beləliklə implantantların üstün cəhətlərindən biri də çənə sümüyünə düşən yükün bərabər paylanması və üz proporsiyasının qorunmasıdır.

İmplantatın qoyulması itirilmiş dişi əvəz etməklə yanaşı qonşu dişləri də zədələnmədən qoruyur. Əlavə dayaq rolu oynamaqla çıxarılmayan protezlərin qoyulmasına şərait yaradır. Çıxarılan protezlərin isə möhkəm fiksasiya olunmasına zəmin yaradır.

İmplatantların qoyulmasına göstərişlər.

Müxtəlif travmalar, xəstəliklər və zədələr nəticəsində bir və ya bir neçə diş itirmiş hər kəs diş implantasiyasının aparılmasına real namizəd hesab edilir. Prosedurun aparılmasında konkret olaraq yaş həddi qoyulmur. Əsas olaraq orqanizmin sağlıq durumu götürülür.

Nə üçün implantasiya adi protezlərdən üstün hesab olunur.

Hal-hazırda da itirilmiş dişləri bərpa etmək üçün köhnə metodlardan daha doğrusu körpü formalı protezlərdən istifadə olunur. Aydındır ki, körpü formalı protezləri hazırlamaq üçün qonşu dişləri də yonmaq lazım gəlir. Qeyd olunmalıdır ki, bu protezi saxlamaq üçün istifadə olunan dayaq dişlər də zaman keçdikcə körpü formalı protezin təzyiqindən zədələnir və tədricən dağılır. Eyni zamanda implantatdan fərqli olaraq protez itirlmiş diş nahiyəsində çənə sümüyünə funksional yük vermir. Bu isə həmin nahiyədə qan dövranının pozulmasına və sümük toxumasının sorulmasına səbəb olur. İmplantatların qoyulmasında qonşu dişlərin də yonulmasına ehtiyac olmur. Bu da metodun üstün cəhətlərindən biridir.

İmplantasiya proseduru.

Diş implantatları ilə protezləşdirmə mərhələlərlə həyata keçirilir. İlk olaraq titandan hazırlanmış vint implantant cərrahi yolla çənə sümüyündəki alveolyar boşluğa yerləşdirilir. Prosedurun aparılması üçün yerli anesteziyadan istifadə olunur. İnfeksion ağırlaşmaların qarşısını almaq üçün prosedurdan bir gün qabaq antibakterial preparatlar təyin edilir. Prosedurdan sonra bir neçə gün ərzində ağız boşluğu xlorheksidin məhlulu ilə dezinfeksiya olunmalıdır. Ehtiyac olarsa ağrıkəsici preparatlardan istifadə oluna bilər. Əgər çənə sümüyündə dişlər tamamilə yoxdursa o zaman 4–6 ədəd vint tətbiq oluna bilər. Ayrı-ayrılıqda çənə sümüyündə bir neçə diş olarsa vintlərin sayı azaldıla bilər. Əməliyyatdan sonra sağalma dövrü (3–6 ay) başlayır, belə ki, bu dövrdə “osteointeqrasiya” prosesi gedir, istifadə edilən material çənə sümüyünə uyğunlaşır. Demək olar ki, implantantlar çənə sümüyünün bir hissəsinə çevrilir.

Klinikamızda istifadə edilən diş implantantları MİS (İsrail) firmasına məxsusdur.
MİS implantantları tibbi titandan hazırlanıb, orqanizmlə yüksək biouyğunluğa malikdir. Bu implantatlar asanlıqla çənə sümüyünə yerləşdirilə bilir, etibarlıdır və uzun müddətlidir.

Bəzi hallarda çənə sümüyünün qalınlığı implantatın yerləşdirilməsi üçün əlverişli olmur. Belə ki, uzun müddət dişlərin olmaması səbəbindən çənə sümüyü rezorbsiya olunur. Bu halda implantasiyadan qabaq təbii və ya süni sümük toxumasından, biomateriallardan istifadə etməklə sümük toxumasının yetişdirilməsi və sinusliftinqi aparılır.

Həm üst, həm də alt çənədə bütün dişlər itirilərsə o zaman diş implantantlarında daimi fiksasiya ilə konstruksiya və ya 2–3 ədəd implantata bərkidilmiş çıxarılan protezlərdən istifadə edilir. Çıxarılan protez ağız boşluğuna möhkəm fiksasiya olunur, lakin istənilən vaxt asanlıqla çıxarıla bilər. Çıxarılan protezə nisbətən daimi fiksasiya ilə konstruksiya üçün daha çox implantantdan istifadə edilir. Abatmentlər implantatlara bərkidilir və bundan sonra konstruksiyanın ölçüsü götürülür.

Çıxarılan protezin hazırlanması üçün isə iki və ya daha artıq implantat istifadə olunur. Bu zaman kürəşəkilli abatmentlər tətbiq edilir.

Beləliklə, implantasiya dişlərin tamlığını, sırasını və funksiyalarını bərpa etmək üçün ən mükəmməl metoddur. İmplantasiya olunmuş dişlər çənə aparatına düşən yükün bərabər paylanmasını təmin edir, bu isə sümük toxumasının rezorbsiya olunmasının qarşısını alır, üz-çənə sistemini deformasiya olunmaqdan qoruyur.

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >