Siz buradasınız: Poliklinika / Stomatologiya / ...

RU

STOMATOLOGİYA

N.Tusi adına Klinikanın stomatoloji xidmətinə aşağıdakılar daxildir:

Terapevtik xidmət

Kariyes – patoloji proses olub, dişin sərt toxumasının demineralizasiyası və kövrəkləməsi, boşluqların əmələ gəlməsi ilə xarakterizə olunur. Kariyes həm böyüklər, həm kiçik yaşlı uşaqlar arasında çox geniş yayılmışdır. Ağız boşluğunun patogen mikroorqanizmləri, gigiyenik qaydalara düzgün riayət etməmək, asan mənimsənilən karbohidratlarla zəngin qidalanma rejimi və s. kariyesin əmələ gəlməsinə səbəb olan faktorlardır. Dişin demineralizasiyası mina qatının təbii parlaqlığının itirilməsi və üzərində ləkələrin əmələ gəlməsi ilə başlayır. Sonrakı destruktiv dəyişikliklər nəticəsində səthi, orta və dərin kariyes inkişaf edir. Dişin demineralizasiyasının ləkə mərhələsində remineralizəedici terapiya aparmaqla prosesin sonrakı inkişafının qarşısını almaq olar. Lakin səthi, orta və dərin kariyes inkişaf etdikdən sonra zədələnmiş toxumalar xaric edilməli və karioz boşluğun yeri plomb materialı ilə doldurulmalıdır.

Pulpit – diş kökündə olan damar-sinir dəstəsinin iltihabi prosesidir. Pulpitin müalicəsi sinirin çıxarılması və diş kökü kanallarının plomblaşdırılmasından ibarətdir.

Gingivit – damaqların iltihabi xəstəliyi olub, ağız boşluğu gigiyenasına düzgün riayət etməmək, infeksion xəstəliklər,travmalar və düzgün olmayan ortodontik müalicə (breketlər) nəticəsində inkişaf edə bilər.

Paradontit – dişləri əhatə edən və saxlayan toxumaların və damaqların birlikdə iltihabi prosesidir. Əmələ gəlməsində əsas olaraq mikrob faktoru götürülür. Paradontitin cərrahi müalicəsi paradontal cibin küretajı, müalicəsi mümkün olmayan dişlərin çıxarılmasından ibarətdir. Dişlərin vaxtında çıxarılmasında məqsəd alveol boşluğunun tamlığını saxlamaqdır ki, gələcəkdə bu boşluqdan implantasiya məqsədilə istifadə edilir. Yerli olaraq antiseptik, iltihabəleyhi, ferment preparatlarından istifadə edilir, fizioterpevtik prosedurlar, vitamin və biogen stimulyatorlar tətbiq olunur.

Cərrahi müalicə metodları

Kiçik cərrahi müdaxilələrə dişin çıxarılması, perikoronit zamanı damaqda kəsiyin aparılması, periostit (çənə sümüyünün sümüküstlüyünün iltihabı) zamanı boşluğun açılması və drenə edilməsi, diş kökünün rezeksiya və ya hemirezeksiyası, absseslərin açılması və drenə edilməsi aid edilir.

Ortopedik müalicə

Koronka – dişin görünən hissəsinin xüsusi materialla örtülməsidir. Koronka zədələnmiş dişin sonrakı destruksiyasının qarşısını almaqla yanaşı, ona forma verir, möhkəmləndirir və funksiyasını yaxşılaşdırır.

Körpü formalı protez – çıxarılmayan ortopedik konstruksiya olub, dişlərə koronkalar, ştiftlər vasitəsilə bərkidilir.

Byüqel protezi – qövsvari çıxarılan protez olub dişlərə bərkidilir. Bu protezdə dayaq olaraq nəinki damaq, eyni zamanda insanın öz dişləri də (hətta dişlərin yerlərində möhkəm oturmaması zamanı bele) rol oynayır. Buna görə də əgər paradontoz zamanı dişlər laxlayarsa byüqel protezi müalicə məqsədilə tətbiq oluna bilər. Byüqel protezi çeynəmə zamanı əmələ gələn yükün damaq, çənə sümüyü və təbii dişlər arasında optimal şəkildə paylanmasını təmin edir.

Dişlərin implantasiyası – bu zaman süni olaraq titandan hazırlanmış diş kökləri alt və ya üst çənədə olan alveol boşluqlarına yerləşdirilir. İmplantatlar həm koronkalar üçün, həm də çıxarılan və çıxarılmayan protezlər üçün dayaq rolunu oynaya bilər.
Bunlardan başqa implantasiya, körpü formalı və ya byüqel protezləri qoyulmadığı hallarda çıxarılan neylonakril protezlər tətbiq olunur.

N.Tusi adına Klinikanın stomatoloji xidməti yüksək texnologiyalı, müasir tibbi avadanlıqları, ən yeni metodlar və ən keyfiyyətli materialları, professional tibbi heyəti özündə cəmləyən bir xidmətdir. Əsas vəzifəmiz pasiyentlərimizə sağlam və gözəl təbəssüm bəxş etməklə onları razı salmaqdır.

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >