|
Qaraciyərin steatozu və steatohepatit – qaraciyər
hüceyrələrində yağların toplanması (steatoz) və
hepatositlərdə iltihabi reaksiyanın əmələ gəlməsi,
hüceyrələrin məhv olmasıdır (steatohepatit).
Steatozun əmələ gəlmə səbəbləri aşağıdakılardır:
- Maddələr mübadiləsinin pozulması – II tip şəkərli
diabet, piylənmə, hipertriqliseridemiya
- Toksiki faktorların təsiri – alkohol, bəzi toksiki
maddələr, dərman preparatları
- Balanslaşdırılmamış qida qəbulu – həddindən artıq
qidalanma, aclıq, qidada zülal çatışmazlığı
- Sorulma prosesinin pozulması ilə müşayiət olunan
xroniki mədə - bağırsaq xəstəlikləri və s.
Alkohol qəbulu və ya digər toksiki maddələrin təsiri
nəticəsində yaranmayan piy infiltrasiyası birincili və ya
qeyri alkohol mənşəli steatoz adlanır. Hazırda bu tip
qeyri/alkohol mənşəli piy infiltrasiyası əhəmiyyətli
dərəcədə yayılmışdır. İnkişaf etmiş ölkələrin əhalisinin
təqribən ¼ hissəsində qaraciyər steatozu aşkar edilir.
3,5–11% əhalidə isə qeyri-alkohol mənşəli steatohepatit və
qaraciyər sirrozu aşkar edilir. Normal çəkiyə malik
insanlarla müqayisədə artıq çəkili insanlar qeyri-alkohol
mənşəli piy infiltrasiyasına daha çox meylli olurlar.
Adətən qaraciyər steatozu stabil, zəif proqressivləşən
gedişə malik olur. Əgər piy infiltrasiyasına iltihabi proses
də qoşularsa, yəni steatohepatit inkişaf edərsə xəstəlik
proqressivləşərək qaraciyər fibrozuna (təqribən 30–40%
xəstələrdə) və yaxud sirroza (təqribən 10% xəstələrdə) keçə
bilər. Həmçinin qeyd etmək lazımdır ki, qeyri-alkohol
mənşəli piy infiltrasiyası çəkinin azaldılması fonunda geriə
inkişaf edə bilər.
Xəstəliyin ağır gedişə malik olmasında bir sıra faktorlar
rol oynayır:
- Yaşın 45-dən yuxarı olması
- Patoloji piylənmə
- II tip şəkərli diabet
- Qadın cinsi
- Genetik faktorlar
Pasiyentlərin əksəriyyətində qaraciyərin zədələnməsinə
məxsus əlamətlər qeyd olunmur. Bəzi hallarda xəstələr,
qarının sağ yuxarı kvadrantında ağırlıq hissindən şikayət
edirlər. Bu ağırlıq hərəkət zamanı daha da artır, xəstələrdə
tezyorulma, zəiflik, ürəkbulanma əlamətləri meydana çıxır.
Xəstəlik əksər hallarda təsadüfi ultrasəs müayinəsi zamanı
aşkar edilir. USM zamanı qaraciyərin ölçülərinin artması,
exogenliyinin yüksəlməsi və parlaqlıq (diffuz piy
infiltrasiyası nəticəsində) qeyd edilir.
Qeyri – alkohol mənşəli steatohepatoz və steatohepatitin
diaqnostikası
Yaş
Adətən 41-60 yaş
Bəzən 11-20 yaş
Cinsi
Əsasən qadın cinsi üstünlük təşkil edir
Tez-tez rast gəlinən yanaşı xəstəliklər
Piylənmə (69-100% xəstələrdə)*
Şəkərli diabet (36-75% xəstələrdə)*
Hiperlipidemiya (20-81% xəstələrdə)*
Şikayətlər
Təqribən 48-100% hallarda ciddi bir şikayət qeydə alınmır*
Qarın nahiyəsində yüngülvari diskomfort hissi
Qarının sağ yuxarı ¼ hissəsində ağrılar
Zəiflik və tezyorulma
Obyektiv əlamətlər
Hepatomeqaliya (qaraciyərin böyüməsi)
Xroniki qaraciyər xəstəliyi və portal hipertenziya
əlamətləri (nadir hallarda)
Laborator göstəricilər (bəzi hallarda labarator
göstəricilər norma daxilində olur)**
AST və ALT-in 2-3 dəfəyə qədər artması
Qələvi fosfatazanın (ALP) aktivliyinin bir qədər artması və
ya norma daxilində olması
Qanda bilirubin və zülalların norma daxilində olması, normal
protrombin vaxtı
Bəzi hallarda qanda ferritin yüksələ bilər
Hiperlipidemiya
İnstrumental diaqnostika metodları
USM əlamətləri
Hiperexogenlik (ocaqlı və ya diffuz)
Qaraciyərin ölçülərinin artması
Eyni zamanda KT və MRT müayinəsindən də istifadə
etmək olar.
Yuxarıda göstərilən metodlar qaraciyərdə piy
infiltrasiyasının olub-olmamasını dəqiqləşdirməyə imkan
verir, lakin xəstəliyin steatoz və ya steatohepatit olmasını
təyin etmək üçün qaraciyərdən biopsiya götürülməli və
histoloji müayinə aparılmalıdır.
Qeyd
*göstəricilər müxtəlif tədqiqatlara əsaslanır
**Eyni zamanda qaraciyərin digər xəstəliklərini inkar etmək
lazımdır. (məs, virus hepatitləri, toksiki zədələnmələr)
Müalicə
Qaraciyərin piy infiltrasiyasının əsas müalicə prinsipi
xəstəliyin inkişafına səbəb olan faktorları aradan
qaldırmaqadan ibarətdir (alkoholdan tam imtina,
hepatotoksiki dərman preparatlarının qəbulunun
dayandırılması, bədən çəkisinin tədricən azaldılması,
pəhriz, fiziki aktivlik və s.).
Pəhriz kifayət qədər zülallı olub, heyvani yağlar və ümumi
kalorilik azaldılmalıdır. Pəhrizə kəsmik, qarabaşaq və digər
dənli bitkilər daxil edilməlidir. Qida vitamin və
mikroelementlərlə zəngin olmalıdır. Qeyri- alkohol mənşəli
steatoz zamanı çəkinin tədricən azaldılması prosesin geriyə
inkişafı ilə nəticələnə bilər (piy infiltrasiyasının
dərəcəsi azalır).
Əgər xəstə şəkərli diabetdən əziyət çəkirsə o zaman qanda
şəkər daim kontrol olunmalı və normada saxlamaq üçün müvafiq
müalicədən istifadə edilməlidir. Hiperlipidemiya,
hipertriqliseridemiya zamanı hipolipidemik dərman
preparatları qəbul edilməlidir. Eyni zamanda
hepatoprotektorlardan da istifadə edilə bilər. |