Siz buradasınız: Poliklinika/ Oftalmologiya/ ...

QLAUKOMA

Qlaukoma – gözdaxili təzyiqin artması nəticəsində inkişaf edən bir xəstəlikdir. Xəstəlik vaxtında müalicə edilməzsə görmə siniri zədələnir və korluq inkişaf edir.

Normal halda gözdaxili təzyiq 18-22 mm c.s. hüdudlarında olur. Qlaukoma zamanı gözdaxili mayenin sirkulyasiyası pozulur və nəticədə miqdarı artaraq gözdaxili təzyiqin artmasına səbəb olur.Bu zaman görmə siniri və digər gözdaxili strukturlar təzyiqə məruz qalır, qan dövranı pozulur. Getdikcə görmə sinirinin funksiyası pozulur. İlk vaxtlar görmə bir qədər zəifləyir, sonra periferik görmə pozulur və sonda tam korluq inkişaf edir. Ən vacibi isə inkişaf edən bu dəyişikliklər geriyədönməz xarakter daşıyır, buna görə də müalicəyə erkən vaxtlarda başlamaq lazımdır. Qlaukoma zamanı görmənin kəskin itirilməsi baş verə bilər.

Xəstəlik adətən 40 yaşdan sonra inkişaf edir. Gənc yaşlarda xəstəliyin rastgəlmə tezliyi xeyli aşağıdır. Buna görə də 40 yaşdan sonra hər kəs ən azı ildə bir dəfə həkim oftalmoloqun müayinəsindən keçməlidir. Bir sıra hallarda gözdaxili təzyiqin artması simptomsuz keçir. Bu isə daha da təhlükəli hesab edilir. Gözdaxili təzyiq nə qədər yüksək olarsa bir o qədər görmə sinirinin zədələnmə dərəcəsi yüksək olur. Getdikcə sinir atrofiya olunur və görmə qabiliyyəti itir.

Qlaukomanın əsas formaları və simptomları

Açıq bucaqlı qlaukoma xəstəliyin ən geniş yayılmış formasıdır.Əksər hallarda xəstə üçün tamamilə simptomsuz keçir. Gözün xarici görünüşündə nəzərəçarpan dəyişiklik olmasa da, gözdaxili mayenin sirkulyasiyası pozulduğuna görə təzyiq yüksəlir. Buna görə də xəstəlik gizli şəkildə poqressivləşir. Müalicə olunmazsa getdikcə görmə qabiliyyəti tam itir.

Təxminən 10% hallarda qapalı bucaqlı qlaukomaya təsadüf edilir. Xəstəliyin bu formasında göz nahiyəsində tutma şəkilli ağrılar, baş ağrıları, gözlərin qızarması, gözün önündə qurşaqşəkilli həlqələr, həmçinin ürəkbulanma və qusma müşahidə edilir. Xəstəliyin kəskin tutması bir neçə saat davam edərsə görmə qabiliyyəti tamamilə itə bilər.

Anadangəlmə qlaukoma nadir halarda rast gəlinir. Uşaqlarda bu zaman gözün buynuz qişasının ölçülərinin böyüməsi, göz yaşı ifrazının artması, işıqdan qorxma və s. əlamətlər müşahidə edilə bilər.

İkincili qlaukoma dedikdə hər hansı bir xəstəlik nəticəsində qlaukomanın inkişafı nəzərdə tutulur. Gözdaxili təzyiqin artmasına səbəb olan bir sıra faktorlar-travmalar, əməliyyatlar, şişlər, şəkərli diabet, bir sıra dərman preparatları və s. qlaukomanın inkişafına zəmin yaradır.

Qlaukomanın müalicəsi

Xəstəliyin ilkin mərhələlərində gözdaxili təzyiqin azalmasına səbəb olan damcıların qəbulu kifayət edir. Bu müalicə daim qəbul edilməlidir.Vaxtında başlanılmış düzgün və sistematik müalicə uzun müddət görmə qabiliyyətini saxlamağa imkan verir.

Əgər dərman preparatları vasitəsilə gözdaxili təzyiqi salmaq mümkün olmasa o zaman əməliyyata ehtiyac duyulur.

Qapalı bucaqlı və anadangəlmə qlaukomalar zamanı əksər hallarda operativ müdaxilələr aparmaq lazım gəlir. İkincili qlaukomalar zamanı isə spesifik müalicədən əlavə əsas xəstəliyin müalicəsi də aparılmalıdır.

Qeyd etmək lazımdır ki, hətta operativ müdaxilə belə xəstəliyin tamamilə müalicəsinə zəmanət vermir. Bir qayda olaraq əməliyyatdan bir neçə il sonra yenidən gözdaxili təzyiq artmağa başlayır. Buna görə də əməliyyatdan sonra da müntəzəm olaraq həkim oftalmoloqun müayinəsindən keçmək və verdiyi tövsiyyələrə.