Siz buradasınız: Poliklinika / Otorinolarinqologiya / ...

OTORİNOLARİNQOLOGİYA

Otorinolarinqologiya – tibbin burun boşluğu, udlaq, qırtlaq və qulaq xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan bir sahəsidir.

N. Tusi adına Klinikanın LOR şöbəsi Avropa standartlarına cavab verən ən müasir diaqnostik avadanlıqlarla təchiz edilmişdir. MEGA şirkətinin istehsalı olan LOR kombayn vasitəsilə qulaq, burun boşluğu, udlaq və qırtlağın endoskopik müayinəsi aparılır. Endoskopik müayinə LOR orqanlarında baş verən hər hansı bir dəyişikliyi bir neçə dəfə böyüdülmüş şəkildə monitorda izləməyə imkan verir. Stroboskopiya vasitəsilə səs tellərində əmələ gələn ən cüzi dəyişiklikləri təyin etmək olar.

ADENOİDLƏR

Adenoidlər – burun-udlaq nahiyəsində yerləşərək müdafiə funksiyasını yerinə yetirir. Adenoidlərin böyüməsinə aşağıdakı hallar səbəb ola bilər:

  • Burun və ağız-udlağın keçirilmiş infeksion xəstəlikləri.
  • Uşaq infeksion xəstəlikləri (skarlatina, qızılca, göyöskürək, infeksion mononukleoz).
  • Düzgün olmayan qidalanma və avitaminoz.
  • Ətraf mühit faktoralrı.
  • Orqanizmin müdafiə funksiyasını azaldan faktorlar.
  • Endokrin pozğunluqlar.

Adenoidlərin böyüməsinin nəticələri

Udlaq badamcıqları burun udlağın birləşmə nahiyəsində yerləşir. Ölçülərini təyin etmək üçün barmaqla müayinə və ya burun udlağın rentgenoqrafiyasından istifadə edilir. Böyümə dərəcəsinə görə I, II, III, IV dərəcəli böyümə ayırd edilir.

Böyümüş adenoidlər tənəffüs zamanı havanın daxil olmasına maneə yaradaraq burun boşluğu və burunətrafı ciblərin selikli qişasında durğunluq yaradır. Tez-tez residiv verən zökəm isə orta qulaq nahiyəsinin iltihabına səbəb olur. Tənəffüsün ağız boşluğu vasitəsilə təmin edilməsinin üstünlük təşkil etməsi isə üz skeletinin quruluşunda dəyşikliklərə səbəb olur:

  • Qeyri-düzgün dişləmə əmələ gəlir
  • Süstlük və apatiya ifadə edən üz quruluşu formalaşır: tam örtülü olmayan ağız boşluğu, az hərəkətli göz bəbəkləri (“adenoidli üz”)

Burun boşluğundan ifrazatın artması burun-yanaq büküşlərində dərinin qıcıqlanmasına səbəb olur. İfrazatın udulması mədə-bağırsaq traktının pozulmasına gətirib çıxarır. Uzun müddətli ağız tənəffüsü döş qəfəsinin inkişafına mane olur, bəzi hallarda anemiya inkişaf edir.Soyuq havanın burun boşluğunda isinmədən ağız boşluğu vasitəsilə alınması anginaların əmələ gəlməsinə səbəb olur. Adenoidlərin ölçüsü daha da böyüdükdə danışıq səsləri dəyişilir. Yuxu pozulur, xoruldamalar meydana çıxır. Nəzərəçarpan hipertrofiya zamanı baş ağrıları müşahidə olunur, yaddaş və diqqət pozulur, bu isə məktəb yaşlı uşaqlarda dərsin mənimsənilməsini ləngidir.

Müalicə

Adenoidlərin hipertrofiyası zamanı klinikamızda aşağıdakı metodlardan istifadə edilir:

  • Burun boşluğunun antiseptik məhlullarla yuyulması.
  • Lazeroterapiya.
  • İmmunokorreksiya.
  • Medikamentoz terapiya kursu.

Aparılmış konservativ terapiya effekt verməzsə o zaman adenoidlər operativ yolla xaric edilir.

Xorultu və yuxuda obstruktiv apnoe sindromu

Ölkə əhalisinin təxminən 25%-i yuxu zamanı xoruladyır. Demək olar ki, əksər insanlar bu kimi halların müalicəsinə ehtiyac duymur. Əslində isə bu düzgün yanaşma deyildir. Xorultu – yuxu zamanı obstruktiv apnoe sindromunun əsas əlamətlərindən biri hesab edilir. Bu xəstəlik yuxu vaxtı baş verən apnoe (tənəffüsün dayanması) halları, narahatlıq, gecələr tez-tez sidiyə getmə, səhərlər yorğunluq, əzginlik kimi əlamətlərlə müşahidə olunur. Bu vəziyyət daimi olaraq oksigen çatmamazlığına səbəb olur. Ürəyin ritm pozğunluqları, miokard infarktı, insult, yuxu zamanı qəfləti ölüm və s. hallar obstruktiv apnoe sindromunun fəsadlarındandır. Eyni zamanda davamlı yuxu pozğunluqları da həyat fəaliyyətinə mənfi təsir göstərir.

Xorultu nədən yaranır?

Xorultunun əsas əmələ gəlmə səbəbi udlaq əzələlərinin funksional fəaliyyətinin pozulması, udlaq divarlarının, yumşaq damaq və dilçəyin tonusdan düşməsi hesab olunur. Bundan əlavə burun boşluğunun polipləri, xroniki rinit, burun arakəsməsinin əyriliyi, adenoidlər, böyümüş badamcıqlar və s. hallar da tənəffüs zamanı problemlər yaradır.

Apnoenin inkişafına şərait yaradan faktorlar:

  • Artıq çəki
  • Endokrin pozğunluqlar
  • Siqaret, alkohol
  • Boğazın diametri (enli və qısa)
  • Cins, yaş
  • İrsi xəstəliklər
  • Yuxugətirici və sedativ preparatların qəbulu
  • Müalicə metodları: konservativ və cərrahi

Yuxu zamanı obstruktiv apnoe sindromunun müalicə metodlarının seçimi kifayət qədər mürəkkəbdir. Konservativ terapiya əksər hallarda effektli olmur.
Əsas müalicə metodu isə cərrahi metoddur: septoplastika (burun arakəsməsinin korreksiyası), aşağı burun balıqqulaqlarının vazotomiyası, adenotomiya, uvulopalatoplastika.

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >