|
Bətndaxili inkişaf doğulacaq uşağın həyatında ən mühüm və
məsuliyyətli dövr hesab edilir. Bu dövrdə ananın keçirdiyi
xəstəliklər, ətraf mühit faktorları və s. dölün inkişafında
bir sıra anomaliyalara səbəb ola bilər. Bəzi hallarda isə
hamiləlik sona çatdırılmır və ya ölü dölün doğuşu ilə
nəticələnir.
Bir sıra infeksion xəstəliklər isə dölün inkişafı üçün
xüsusi təhlükə yaradır. TORCH qrupuna aid olan infeksiyalar
bunlara daxil edilir.
Abbreviaturanın açılışı bu infeksiyaların latınca adlarının
baş hərflərindən ibarətdir:
T – toksoplazmoz (toxoplasmosis),
O – digər infeksiyalar (others),
R – məxmərək (rubella),
C – sitomeqalovirus (cytomegalovirus),
H – herpes (herpes simplex virus).
Digər infeksiyalar anlayışına isə B, C hepatitləri, sifilis,
xlamidioz, qonoreyya, listerioz və s. infeksiyalar aid
edilir.
Hamiləlik planlaşdıran hər bir qadının müayinə planına bu
infeksiyaların təyini daxil edilməlidir. TORCH qrupuna aid
edilən infeksion xəstəliklər əksər hallarda az simptomlu və
ya tamamilə simptomsuz keçdiyinə görə bu müayinələrin
aparılması üçün xəstəliyə məxsus kliniki əlamətlərin olması
vacib göstərici hesab edilmir.
TORCH qrupuna aid edilən infeksiyaların təyini nə
dərəcədə vacibdir?
Ilk növbədə bu infeksiyalar dölün bətndaxili inkişafını
ləngidir, inkişaf qüsurlarına və ya bətndaxili ölümə səbəb
olur. TORCH infeksiyalarından məxmərək aşkar edilərsə
hamiləlik əks göstəriş hesab edilir.
Digər infeksiyalardan sifilis, qonoreyya, xlamidioz və s.
isə bətndaxili olaraq və ya doğuş zamanı anadan dölə keçə
bilər. Eyni zamanda bu infeksiyaların aşkar edilməsi
hamiləliyin vaxtında sona çatdırılmamasına, doğuşdan sonrakı
dövrün ağır keçməsinə və digər patoloji hallara səbəb ola
bilər.
TORCH infeksiyalarına görə qanın müayinəsi hamiləlikdən öncə
aparılarsa daha məqsədəuyğun olar. Əgər müayinə hamiləlikdən
öncə aparılmayıbsa hamiləliyin ilk aylarında aparılmalıdır.
TORCH infeksiyalar ana və uşaq üçün nə dərəcədə
təhlükəlidir?
Toksoplazmoz – çox geniş yayılmış infeksion xəstəlik
olub, demək olar ki, dünya əhalisinin 30%-də müşahidə
olunur. Törədiciləri toksoplazma adlı mikroorqanizmlərdir.
Çirkli əllər, yaxşı bişirilməmiş ət və ət məhsulları
xəstəliyin əsas yoluxma mexanizmidir. Hamiləlik vaxtı
birincili olaraq toksoplazmozla yoluxmaq xeyli təhlükəli hal
hesab edilir. Lakin bu tip hallar nadir hallarda rast
gəlinir. Belə ki, hamiləlik vaxtı qadınların demək olar ki,
1%-i birincili olaraq toksoplazmozla yoluxur, 20% hallarda
xəstəlik bətndaxili olaraq dölə keçir. Əgər qadın
hamiləlikdən öncə (ən azı il yarım qabaq) toksoplazmoz
xəstəliyi keçirərsə gələcək uşağın bu xəstəliyə yoluxma
ehtimalı yoxdur. Hamiləliyin hansı aylarında toksoplazmaya
yoluxmaq da mühüm əhəmiyyət daşıyır. Belə ki, erkən
hamiləlik dönəmində xəstəliyə yoluxmaq çox böyük risk
daşıyır. Amma bu zaman dölün toksoplazmoza yoluxma halları
az rast gəlinir. Əksinə hamiləliyin son aylarında keçirilmiş
toksoplazmoz 70% hallarda dölə keçsə də ağır nəticələrə
səbəb olmur.
Məxmərək – virus mənşəli infeksion xəstəlik olub
hava-damcı yolu ilə xəstə insandan sağlam insana yoluxur.
Ümumilikdə məxmərək ağır bir infeksion xəstəlik olmayıb uşaq
infeksion xəstəliklərinə aid edilir. Lakin hamilə qadının
məxmərklə yoluxması çox təhlükəli bir hal kimi
qiymətləndirilir. Hamiləliyin ilk aylarında xəstəliklə
yoluxma dölün sinir və ürək-damar sistemini, görmə
orqanlarını zədələyir. Məxmərək viruslarına qarşı
antitellərin müayinəsi hamiləlikdən öncə aparılmalıdır. Əgər
qadın hamilə olmamışdan qabaq məxmərək keçirərsə bunun
gələcəkdə doğulacaq körpəyə heç bir mənfi təsiri yoxdur.
Əgər hamilə qadın məxmərəkli xəstə ilə kontaktda olarsa
qanda bu virusa qarşı antitellərin yoxlanılması çox
vacibdir. Profilaktik olaraq hamiləlikdən öncə bu xəstəliyə
qarşı peyvənd aparılarsa hamiləlik vaxtı bu xəstəliyə
tutulma ehtimalı minimuma endirilir. Qanında bu virusa qarşı
antitellər olmayan istənilən qadın bu xəstəliyə qarşı
peyvənd oluna bilər.
Sitomeqalovirus – virus mənşəli xəstəlik olub cinsi
yolla, qanla və südvermə zamanı yoluxa bilər. SMV dölə
transplasentar və dölyanı maye ilə yoluxa bilər.
Toksoplazmozda olduğu kimi hamiləliyin ilk 12 həftəliyində
sitomeqalovirusa birincili yoluxmaq dölün inkişafına mənfi
təsir göstərə bilər. Hamiləlikdən öncə xəstəliyə yoluxmanın
dölün inkişafı üçün heç bir mənfi təsiri yoxdur. Hamiləlik
vaxtı xəstəliyə yoluxma riski çox yüksəkdir. Belə ki,
statistik məlumatlara görə hər iki qadından birində bu
virusa qarşı antitellər müşahidə edilmir. Dölün infeksiyaya
yoluxması isə onda bir sıra inkişaf qüsurlarına səbəb ola
bilər ki, bu da ən çox 2–5 yaşalrında özünü büruzə verir.
Əgər hamiləlikdən qabaq qanda antitellər aşkar edilərsə bu
qadınların mütəmadi olaraq sitomeqalovirusa qarşı müayinəsi
ciddi əhəmiyyət kəsb eləmir. Yox əgər hamiləlikdən sonra
qanda antitellər aşkar edilməzsə bu qadınlar birincili
yoluxmadan qorunmaq üçün davamlı müayinələrdən
keçməlidirlər.
Herpes I və II olmaqla iki qrupa ayrılır. Herpes I-ə
əksər hallarda dodaq herpesi (labial) də deyilir. Herpes
hava-damcı və cinsi yolla keçir. Eyni zamanda anadan uşağa
da yoluxa bilər. Əgər qadın hamiləlik vaxtı birincili olaraq
herpesə yoluxarsa orqanizmində müdafiə antitelləri
olmadığından bu döl üçün çox təhlükəli ola bilər.
Hamiləliyin birinci trimestrində herpesə yoluxmaq dölün
inkişafına mənfi təsir göstərir, düşüklərə səbəb olur.
Hamiləliyin son aylarında da herpesə yoluxmaq gecikmiş
düşüklərə və ya vaxtından qabaq doğuşlara səbəb olur. Eyni
zamanda doğuş zamanı körpə də xəstəliyə yoluxa bilər.
|