|
Servikal yaxmanın Papanikolau metodu ilə (pap-smear)
sitoloji müayinəsi uşaqlıq boynu hüceyrələrində baş
verən hər hansı bir dəyişikliyi vaxtında aşkar etməyə imkan
verir. Yüksək dəqiqliyiniə görə bu müayinə metodu uşaqlıq
boynunun fon, xərçəngönü və xərçəng xəstəliklərinin
diaqnostikasında skrininiq metod kimi aparıcı mövqe tutur.
21 yaşından yuxarı olan qadınların hər birinin requlyar
olaraq bu müayinədən keçməsi tövsiyyə olunur (30 yaşa qədər
2 ildə bir dəfə, 30 yaşdan yuxarı qadınlarda isə 3 ildə bir
dəfə. Təbii ki, bu rəqəmlər risk qrupuna aid edilməyən
qadınlara aiddir).
Uşaqlıq boynu xərçəngi qadın cinsi orqanlarının onkoloji
xəstəlikləri arasında ən geniş yayılmış xəstəlik hesab
edilir. Xərçəng əksər hallarda xoşxassəli hesab edilən
xəstəliklərin fonunda inkişaf edir. Buna görə də bu
xəstəliklə ən yaxşı mübarizə metodu onun profilaktikasıdır.
Profilaktikaya isə uşaqlıq boynunun fon, xərçəngönü və erkən
mərhələdə olan xərçəng xəstəliklərinin vaxtında aşkar
edilməsi və adekvat müalicəsi daxildir. Uşaqlıq boynu
eroziyası, psevdoeroziyası, leykoplagiya fon xəstəlikləri,
intraepitelial zədələnmələr isə xərçəngönü xəstəliklərə aid
edilir.
Papanikolau metodu ilə yaxmanın hazırlanması adi ginekoloji
müayinənin bir hissəsini təşkil edib, tez və ağrısız
aparılır. Müayinə vaxtı həkim uşaqlıq boynundan material
götürərək əşya şüşəsinin üzərinə xüsusi fırça ilə yayır.
Bundan sonra material laboratoriyaya
göndərilir və orada papanikolau metodu ilə rənglənərək
mikroskopik (sitoloji) müayinə aparılır. Burada hüceyrələrin
ölçüsü, forması, miqdarı, yerləşmə xarakteri
qiymətləndirirlir. Əgər hüceyrələr normal forma və ölçüyə
malikdirsə və atipik hüceyrələr aşkar edilmirsə yaxma normal
hesab edilir. Atipik hüceyrələr düzgün olmayan forma və
ölçülü olub, yerləşmə xarakteri nizamsızdır. Bu hüceyrələr
həm xərçəngönü, (aşağı və yüksək dərəcəli intraepitelial
zədələnmələr) həm də xərçəng xəstəliklərində aşkar edilir.
Əgər Papanikolau metodu ilə aparılmış sitoloji müayinə
zamanı atipik hüceyrələr aşkar edilərsə ya müayinə təkrar
olaraq aparılır, ya da zədələnmiş nahiyədən biopsiya
götürülərək histoloji müayinə aparılır.
Müayinəyə hazırlıq
Müayinə nəticəsində daha dəqiq nəticə əldə etmək üçün bir
sıra şərtlərə riayət etmək lazımdır. Menstruasiya vaxtı
müayinənin aparılması məqsədəuyğun deyil. Müayinənin
aparılmasına 2 gün qalmış cinsi əlaqədə olmamaq, tampon,
vaginal kremlər və şamlardan istifadə etməmək tövsiyyə
olunur. Həmçinin vanna əvəzinə duş qəbul etmək daha düzgün
hesab edilir. Yaxmanı ginekoloji müayinədən və ya
kolposkopiyadan öncə götürmək lazımdır. Əgər bu müayinələr
aparılıbsa 48 saatdan sonra yaxma götürülə bilər.
|