Siz buradasınız: Poliklinika / Endokrinologiya / ...

SİSTEM OSTEOPOROZLAR

Osteoporoz – skeleti təşkil edən sümüklərin mineral tərkibinin pozulması nəticəsində onun mikroarxitektonikasının dəyişməsi, patoloji kövrəkliyin inkişaf etməsi və sınıqların baş verməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bir çox tədqiqatlar göstərir ki, bu xəstəlik əhali arasında çox geniş yayılaraq 2–10% təşkil edir. Yaşlı əhali arasında isə osteoporozun xüsusi çəkisi daha çoxdur. Qeyri-infeksion xəstəliklər arasında osteoporoz yayılmasına görə ürək-damar, onkoloji, şəkərli diabet kimi xəstəliklərdən sonra dördüncü yeri tutur. Hər il dünyada bu xəstəliyin nəticəsində baş verən sınıqların sayı durmadan artmaqdadır. Belə ki, aparılan statistik məlumatlara görə hal-hazırda dünyada təkcə bud sümüyünün sınıqları ilə 1,7 mln. nəfər qeydə alınıbsa 2050-ci ilə qədər bu rəqəm 6,5 milyondan çox olacaq. Eyni zamanda onurqa sutununun osteoporotik siniqlari da az tesaduf edilmir. Ona görə də bu xəstəlik son 10-15 ildə çox ciddi tibbi-sosial problem kimi dünya ictimaiyyətinin diqqətini daha çox cəlb etməyə başlamışdır.

Sistem osteoporozların əmələ gəlmə səbəbləri çoxdur. Bu xəstəlikdən əziyyət çəkənlərin 80%-i 50 yaşdan yuxarı, yəni fizioloji menopauzadan sonrakı yaşda olan qadınlar, erkən yəni cərrahi menopauzadan sonrakı qadınlar, uzunmüddətli immobilizasiya (2 aydan çox yataq rejimi ), qlükokortikosteriodlərin qəbulu, yaşlı şəxslərdə inkişaf edən osteoporoz təşkil edir. Osteoporoz həmçinin bir sıra revmatik xəstəliklərdə - revmatoid artrit, qırmızı qurd eşənəyi, endokrinoloji xəstəliklər – şəkərli diabet, hormonal preparatlarla müalicə nəticəsində, bəzi qida məhsullarının izafi istifadəsi, alkoholizm və s. Xəstəliklər zamanı inkişaf edir. Sümüklərdə sınıqların baş vermə tezliyinə görə birinci yeri fəqərə sütünu, sonra isə mil sümüyü və bud sümüyü boynunun sınıqları təşkil edir.

Hazırda dünyanın inkişaf etmiş ölkələrində insanların orta ömür müddətinin uzanması müşahidə olunur. Bu gün dünyada yaşı 65-dən yuxarı 500 mln-dan çox insan yaşayır. Bununla əlaqədar yaşlı insanlarda “həyat keyfiyyəti” deyilən yeni bir anlam ortaya qoyulmuşdur. Bu yaşlı insanların sağlam həyat tərzi anlamını verir. Osteoporoz isə bu anlama təhlükə yaradan ən ciddi faktorlardan biridir. Belə ki, menopauzadan sonrakı dövrdə hər üç qadından birində və ya yaşı 65-dən yuxarı olan kişilərin 15–20%-də müşahidə olunan sistem xarakterli osteoporoz nəticəsində baş verən sınıqlar ciddi tibbi-sosial problem təşkil edir. Hər il belə xəstələrin müalicəsinə milyardlarla ölçülən maliyyə vəsaiti sərf olunur. Buna baxmayaraq hələ də bud sümüyü boynunun sınıqları baş vermiş yaşlı şəxslər arasında ölüm faizi yüksək olaraq qalmaqdadır.

Sümük toxuması orqanizmdə çox mühüm rol oynayan dinamik bir bioloji sistemdir. Bu toxumada maddələr mübadiləsi nəticəsində daim parçalanma və bərpa prosesləri gedir. Sümüyün mineral tərkibinin əsasını kalsium və fosfor birləşmələri tutur. Bundan əlavə onun tərkibində digər mineral maddələr, zülallar və su vardır.

Cavan adamlarda 35–40 yaşına kimi sümükdə bərpa prosesləri intensiv getdiyindən onun mineral sıxlığı və keyfiyyəti maksimum həddə çatır. Belə sümük toxuması travmalara qarşı çox dayanıqlı olduğundan sınıqlar yalnız çox ciddi travmalar nəticəsində baş verə bilir. Qadınlarda menopauzadan, kişilərdə isə 60 yaşdan sonra sümüyün mineral tərkibinin azalması, kövrəlməsi ilə əlaqədar və yaxud yuxarıda adı çəkilən xəstəliklər nəticəsində inkişaf edən osteoporoz zamanı yüngül travmalar və ya adi hərəkətlər belə sınıqlara səbəb ola bilər. Proses onurğa sütununu təşkil edən fəqərələri də zədələdikdə kəskin və xroniki ağrılar meydana çıxmaqla yanaşı patoloji kifozun əmələ gəlməsinə səbəb olur.

Osteoporoz xəstəliyi respublikamızda da geniş yayılmışdır. Aparılan tədqiqatlar göstərir ki, risk qrupuna aid olan şəxslərdə prosesin erkən diaqnostikası və vaxtında profilaktik tədbirlərin həyata keçirilməsi gələcək sümük sınıqlarının qarşısını almış olur.

Osteoporozun diaqnostikasında bir sıra instrumental və laborator müayinələr mühüm rol oynayır. Rentgen müayinə yalnız sümük sıxlığı 20–25% azaldıqda osteoporozun diaqnostikasında rol oynaya bilər. Bu isə prosesin gecikmiş diaqnostikası deməkdir. Daha erkən diaqnostika metodu isə densitometriya hesab edilir. Risk qrupuna aid olan insanlar ildə bir dəfə bu muayinədən keçməklə prosesin erkən diaqnostikasına nail ola bilərlər. Bundan əlavə qanda və sidikdə sümüklərin parçalanma məhsullarının təyini də sistem osteoporozun diaqnostikasında mühüm rol oynayır.

Osteoporozun müalicə və profilaktikasında dərman preparatları ilə yanaşı düzgün həyat tərzi də vacib hesab edilir. Belə ki, düzgün qidalanma, zərərli vərdişlərin olmaması, aktiv həyat tərzi, idman və s. amillər xəstəliyin inkişafının qarşısını almağa kömək edir. Hazırda sistem osteoporozun müalicəsində çox geniş çeşidli dərman preparatları mövcuddur. Yaşlı şəxslərdə inkişaf edən osteoporozun müalicəsində əsas yeri Ca və D vitamini preparatları tutur. Ümumiyyətlə osteoporozların müalicəsində istifadə olunan dərman preparatları öz təsir mexanizmlərinə görə iki qrupa bölünür: sümük toxumasında gedən intensiv parçalanmanı azaldan və yeni sümük toxumasının əmələ gəlməsini stimulə edən preparatlar. Üçüncü qrup dərman preparatları da vardır ki, onların əsas hissəsini stronsium ramelat təşkil edir. Sümükdə intensiv dağılmanı əngəlləyən müasir preparatlardan bifosfonatlara üstünlük verilir. Postklimakterik osteoporozların müalicəsində cinsiyyət hormonları ilə əvəzedici terapiya da mühüm rol oynayır.

Beləliklə böyük tibbi-sosial problemlərdən biri olan osteoporozun erkən diaqnozu, düzgün profilaktik və müalicə proqramının hazırlanması sümük sınıqların qarşısının alınmasına və yaşlı insanların həyat keyfiyyətinin xeyli yaxşılaşmasına səbəb olur.

N.Tusi adına Klinikada aparılan onurqa sütununun osteoparotik sınıqlarının diaqnostikası və az invaziv cərrahi metodlarla mualicəsi haqqında "Vertebroplastika" məqaləsində ətraflı məlumat ala bilərsiniz.