|
Bronxial astma – tənəffüs sisteminin xroniki
infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı
tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı
həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas
kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə
müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və
xırıltıdan ibarətdir.

Bronxial astma tutması qısa və uzun müddətli ola bilər.
Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar
qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir
xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik
daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti və
xarakteri dəyişilir.
Bronxial astma xəstəliyi infeksion-allergik və qeyri
infeksion-allergik olmaqla iki qrupa ayrılır.
- İnfeksion-allergik mənşəli bronxial astma tənəffüs
sisteminin infeksion xəstəliklərinin (pnevmoniya,
faringit, bronxit, angina) fonunda inkişaf edir. Bu
halda allergen rolunda mikroorqanizmlər çıxış edir.
Bronxial astma xəstəliyinin bu növü daha geniş
yayılmışdır. Ümumi xəstəliyin 2/3 hissəsi bu formanın
payına düşür.
- Qeyri infeksion-allergik mənşəli bronxial astma
xəstəliyində isə allergen rolunda üzvi və qeyri-üzvi
olmaqla bir sıra maddələr rol oynaya bilər. Bitki
tozları, məişət tozları, lələk, yun, insan və heyvan
orqanizminə məxsus epidermal mənşəli kəpək, qida
allergenləri (sitrus meyvələri, çiyələk, moruq və s.),
dərman maddələri (antibiotiklər, xüsusən penisillin, B1
vitamini, aspirin, piramidon və s.), bir sıra kimyəvi
maddələr (əksər hallarda formalin, pestisidlər,
sianamidlər, ağır metalların qeyri-üzvi duzları və s.)
bronxial astma xəstəliyinin bu formasının inkişaf
etməsinə səbəb ola bilər. Xəstəliyin bu formasının
inkişaf etməsində irsi faktor da mühüm rol oynayır.
Simptomlar
Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri
aşağıakılardır:
- Nəfəsvermə zamanı fitləyici xırıltılarla müşahidə
olunan boğulma tutmaları. Bu zaman insan bu xəstəliyə
xas məcburi bir vəziyyət alır. Oturaq vəziyyətdə əlləri
ilə dizlərinə təkan edərək gövdəsini önə doğru əyir.
- Təngnəfəslik, tənəffüsün çətinləşməsi əksər hallarda
gecə yuxu vaxtı müşahidə olunur. Xəstə yuxudan hava
çatışmazlığı və öskürək ilə ayılır.
- Fiziki yük, psixo-emosional stress, tənəffüs havası
ilə allergenlərin daxil olması və s. bronxial astma
tutmasına səbəb ola bilər.
- Əksər hallarda soyuqdəymə əlamətləri 10 gündən də
artıq davam edir və xəstədə öskürəyin daha da
dərinləşməsi kimi bir hiss yaranır.
- Bronxolitiklərin (bronx mənfəzini genişləndirən
dərman preparatları) qəbulundan dərhal sonra
təngnəfəslik əlamətləri keçir.
Kliniki əlamətlərin bu qədər aşkar şəkildə özünü büruzə
verməsinə baxmayaraq əksər hallarda xəstəlik astmatik
bronxit, obstruktiv bronxit kimi diaqnozlarla yanlış müalicə
olunur. Bir çox hallarda isə xəstəliyə gecikmiş hallarda
düzgün diaqnoz qoyulur.
Bronxial astma xəstəliyinin müalicəsi
Son illərdə bronxial astma xəstəliyinə baxış bucağı xeyli
dəyişmiş və təkmilləşdirilmişdir. Bu isə tənəffüs yolları
selikli qişasının allergik mənşəli iltihabı və bronxların
hiperreaktivliyinin (yüksək həssaslığı) xəstəliyin
inkişafında mühüm rol oynadığının elmi əsaslara sübuta
yetirilməsindən sonra baş vermişdir. Müasir baxışlara görə
bronxial astma xəstəliyinin müalicəsi iki əsas komponentdən
ibarətdir: bazis (planlı) iltihabəleyhi müalicə və astmatik
tutmalar zamanı təcili yardım. Buna görə də istifadə olunan
dərman preparatları da 2 qrupa bölünür: tutmalar zamanı
simptomları tez bir zamanda aradan qaldırmaq üçün isitfadə
olunan preparatlar və xəstəliyə nəzarət etmək üçün planlı
bazis terapiya.
Əksər dərman preparatları inhalyator şəklində istifadə
edilir. Bu forma ən effektli və təhlükəsiz hesab edilir.
Dərman preparatı bronxlara yerli olaraq birbaşa təsir edir.
Dərmanın təsir effekti daha tez müşahidə olunur, tənəffüs
yollarında maksimum konsentrasiya əldə edilir. Dərman yerli
tətbiq olunduğuna görə digər orqan və sistemlərə əlavə
təsiri minimuma endirilir.
Təcili yardım zamanı istifadə olunan dərman preparatları
Ən effektli preparatlar qısa müddətli təsirə malik
bronxgenəldici beta adrenomimetiklər (salbutamol, berotek və
s.) hesab edilir. Bu preparatlar tez bir zamanda daralmış
bronx mənfəzini genişləndirə bilmək xüsusiyyətinə
malikdirlər. Eyni zamanda göstərilən preparatların
uznmüddətli müalicə zamanı istifadə edilməsi məsləhət
görülmür. Onlar kifayət qədər qısamüddətli təsirə
malikdirlər.
Təcili yardım məqsədilə teofillin, eufillin də istifadə
olunur.Lakin inhalyasion preparatlarla müqayisədə onlar daha
az effektlidirlər. Nəzərə almaq lazımdır ki, xəstəliyin
müalicəsi zamanı iltihabəleyhi preparatlardan mütləq
istifadə olunmalıdır.
Bazis terapiya preparatları
Bazis terapiyanın əsas preparatları inhaliyasion
kortikosteroidlər hesab edilir. Bronxial astmanın
uzunmüddətli müalicəsi zamanı inhaliyasion kortikosteroidlər
ən effektli dərman preparatları hesab edilir. Bu
preparatların uzun müddət istifadəsi tutmaların baş vermə
tezliyini və ağırlıq dərəcəsini getdikcə azaldır.Bu
preparatlar yerli təsir edərək bronxolitik və iltihabəleyhi
effekt yaradır. Yerli təsir göstərdiklərinə görə sistem
təsirləri minimum səviyyədədir.
Tərkibində kortikosteroid və beta adrenomimetik olan
kombinəedilmiş inhaliyasion preparatlar pasiyentlər üçün
daha əlverişli hesab edilir. Sübut edilmişdir ki, bu
preparatların təsir gücü kortikosteroidlərin ikiqat təsirinə
bərabərdir.
Yadda saxlayın!
- İnhaliyasion kortikosteroidləri vaxtında təyin etmək
lazımdır. Bunun üçün xəstənin vəziyyətinin ağırlaşmasını
və ya xəstəliyin proqressivləşməsini gözləmək düzgün
deyil!
- Hormonal inhalyatorlar baş vermiş astmatik tutmanın
qarşısını almaq məqsədilə istifadə edilmir. Onlar planlı
təyin edilir və təsiri müəyyən müddətdən sonra müşahidə
edilir.
- Müalicəni özbaşına tərk etmək qəti qadağandır. Əgər
özünüzü yaxşı hiss edirsinizsə, bu, müalicəni
dayandırmağa əsas vermir. Dərmanın dozasının və ya
miqdarının azaldılması yalnız həkim təyinatı ilə 3 ay
xəstəliyin dinamik müşahidəsindən sonra pilləli şəkildə
təyin edilə bilər.
- Xroniki xəstəliklərdə müalicə kursu deyilən bir
anlayış mövcud deyil. Əgər heç bir problem müşahidə
olunmazsa hər 3-6 aydan bir aparılan müalicənin həcminin
azaldılmasından söhbət gedə bilər. Əgər pisləşmə qeyd
olunarsa dərhal həkimə müraciət etmək lazımdır.
|