Siz buradasınız: Laboratoriya / Hormonal və immunoloji / ...

RU

HORMONAL VƏ İMMUNOLOJİ LABORATORİYA

N. Tusi adına Klinikanın laboratoriya şöbəsində ən müasir metod və ən son tibbi avadanlıqlarla geniş spektrli hormonal və immunoloji müayinələr həyata keçirilir.

Hormonal müayinələr vasitəsilə orqanizmin endokrin sisteminin funksional vəziyyəti təyin edilir, bir sıra xəstəliklərin markerləri aşkarlanır. Endokrin sistem orqan və toxumalara hormonlar adlanan maddələr vasitəsilə təsir edir. Kimyəvi quruluşuna görə hormonlər müxtəlif qruplara ayırd edilir. Steroid, amin turşu, peptid və zülal tərkibli hormonlar mövcuddur. Hər bir endokrin vəzi və ya hüceyrə strukturu özünəməxsus hormonun sintezi və sekresiyası ilə məşğul olur. Sintez edilən hormonlar qana sekresiya olunaraq hədəf orqanlara çatdırılır.

Endokrin sistemin hər hansı bir patologiyasında ən erkən mərhələlərdə belə orqanizmin hormonal statusunda dəyişikliklər aşkar edilir.Hələ xəstəliyin kliniki əlamətlərinin müşahidə olunmadığı və zədələnmiş orqanlarda görünən dəyişiklikərin təyin edilmədiyi hallarda laborator diaqnostika vasitəsilə düzgün diaqnoz qoymaq olar. Məhz buna görə də qanda hormonların təyini bir sıra obyektiv diaqnostik müayinələrlə birlikdə xəstəliyin diaqnozunun qoyulmasında mühüm rol oynayır. Hormonal statusun dəyişilməsinin laborator diaqnostikası nəinki xəstəliyə dəqiq diaqnoz qoymağa imkan verir, eyni zamanda prosesin ağırlığı və müddəti haqqında ətraflı məlumat verir. Eyni zamanda bu metod aparılmış müalicənin nə dərəcədə effektli olması və xəstəlik haqqında gələcək proqnozlar verilməsi üçün çox əhəmiyyətlidir.

Tibbin əksər sahələrində – endokrinologiya, terapiya, ginekologiya, urologiya, kardiologiya və s. hormonal müayinələrin aparılması xəstəliklərin aşkar edilməsi və müalicəsinin aparılmasında əvəzedilməz rol oynayır.

N. Tusi adına Klinikanın laboratoriya şöbəsində hormonal müayinələr immunohemilüminissent metodu vasitəsilə aparılır. Müayinə İmmulite 1000 analizatorunda həyata keçirilir.

İmmulite 1000 tam avtomat analizator olub müayinələrin nəticəsinə insan faktorunun təsir etməsini tamamilə aradan qaldırır. Yüksək dəqiqliyə malik gücləndirilmiş fermentativ hemilüminissensiya metodu hormonların çox kiçik konsentrasiyalarını belə aşkar etməyə imkan verir. Müayinənin aparılması üçün az miqdarda qan zərdabı kifayət edir ki, bu da onun pediatriya və neonatologiyada da uğurla tətbiq olunmasına şərait yaradır.

N.Tusi adına Klinikanın laboratoriya bölməsində aşağıdakı hormonal müayinələr aparılır:

  • Qalxanabənzər vəzi hormonları – tireostimuləedici hormon (TSH), T3 (ümumi və sərbəst), T4 (ümumi və sərbəst)
  • Reproduktiv sistemə aid edilən bütün cinsi hormonalr
  • İnsulin və C-peptid
  • Böyrəküstü vəzi və boy hormonları
  • Eritropoetin (hematologiyada geniş istifadə olunur)
  • İntakt parathormon və osteokalsin (sümük sistemi patologiyalarında)
  • Onkomarkerlər
  • Miokard infarktının diaqnostikası – miokard toxumasında nekrozun getdiyindən xəbər verən erkən markerlər (troponin I, Kreatinfosfokinazanın MB fraksiyası, mioqlobin)
           < < < YENİLİKLƏR > > >