< < < ƏSAS MENYU > > >

         < < < XƏBƏRLƏR > > >

   Siz buradasınız: Həkimlərə/ Endoskopik diaqnostika/ ...

RU

ENDOSKOPİK MÜAYİNƏ ZAMANI ANESTEZİYANIN XÜSUSİYYƏTLƏRİ

Endoskopik müayinə və biopsiya bir sıra xəstəliklərin morfoloji olaraq təyin olunmasına imkan verir. Endoskopik avadanlıqların istehsal texnikasının getdikcə inkişaf etməsi və təkmilləşməsi pasiyentlərin ambulator şəraitdə tam olaraq müayinəsinə şərait yaratmışdır. Bu isə həm xəstələrin kütləvi şəkildə müayinəsinə (skrininq metod kimi), həm də onların ilkin müayinə zamanı hansı profildə hospitalizasiya olunmasına kömək edir.

Lakin sadaladığımız üstünlüklərə baxmayaraq bir çox xəstələr müayinənin aparılması zamanı diskomfortdan şikayətlənirlər. Digər tərəfdən özünü narahat hiss edən xəstəni müayinə etmək hətta ən təcrübəli və yüksək kvalifikasiyalı həkim endoskopistə belə bir sıra çətinliklər yaradır. Xəstə ya tam müayinə olunmur, ya da yanlış diaqnozlar qoyulur.

Operativ endoskopik müdaxilələr (yad cisimlərin xaric edilməsi, endoskopik polipektomiya, qanaxmanın dayandırılması və s.) zamanı anestezioloji xidmətin keyfiyyətli olmaması bir sıra ağırlaşmalara səbəb ola bilər ki, bu da planlaşdırılmamış əməliyyatın aparılmasına gətirib çıxarar.

Yaranan bütün bu problemlər endoskopik müayinələr zamanı tam keyfiyyətli anestezioloji xidmətin aparılması zərurətini meydana çıxarır.

İlkin etaplarda endoskopik müayinə zamanı premedikasiya məqsədilə xolinolitiklər (atropin) və desensibilizəedici preparatlar (dimedrol) tətbiq olunurdu. Dimedrolun istifadəsi zamanı onun yüngül sedativ effektinə üstünlük verilirdi. Premedikasiyada məqsəd preparatların spazmolitik (kolonoskopiya), sedativ effektindən isifadə edərək müayinəni bir qədər rahat şəraitdə aparmaq, eyni zamanda müayinə olunan orqanların (fibroqastroduedonoskopiya, bronxoskopiya) sekretor aktivliyini azaltmaqdır. Bir qədər narahat və emosional labil olan xəstələrdə isə premedikasiya məqsədilə relanium, seduksen kimi preparatladan damardaxili olaraq istifadə ounurdu. Bəzi hallarda isə kallipsol, sombrevin kimi preparatlar tətbiq olunurdu. Sonuncu preparatlar ənənəvi premedikasiyanı anestezioloji xidmət səviyyəsinə qaldırmağa doğru aparırdı.

Endoskopik müayinələrin aparılmasında propofol adlı preparatın tətbiqi isə bu sahədə aparılan anetezioloji xidmətdə sözün həqiqi mənasında dönüş yaratdı.

Propofolla aparılan damardaxili anesteziya tez və qısamüddətli təsirə malikdir. Yuxugətirici təsir və anesteziya preparatın damardaxili yeridilməsindən 30-40 saniyə sonra başlayır. Preparatın əsas üstünlüyü anesteziyadan ayıldıqdan sonra baş ağrılar, ürəkbulanma, qusma və s. kimi yan təsirlərin müşahidə olunmamasıdır. Propofol qısa müddətdə metabolizmə uğrayaraq orqanizmdən xaric edilir.
Qeyd etmək lazımdır, N. Tusi adına Klinikda propofolun tətbiqi ilə aparılan endoskopik müayinələrdə bu günə qədər anestezioloji xidmət baxımından heç bir ağırlaşma baş verməmişdir.

N. Tusi adına Klinikanın anestezioloji xidmətinə bütün müayinə zamanı xəstənin mərkəzləşdirilmiş verilən oksigenlə təmini, ürək-damar və tənəffüs sistemi göstəricilərinin, qanın saturasiya əmsalının izlənilməsi və s. daxildir.Endoskopiya kabineti təcili yardım şöbəsinin yaxınlığnda yerləşir, bu isə hər hansı bir ağırlaşma baş verdiyi zaman xəstənin təcili olaraq intubasiyasına və ağciyərlərin süni tənəffüs aparatına qoşulmasına imkan verir.

Anestezioloji xidmətlə aparılan endoskopiya zamanı prosedurdan qabaq xəstə standart qəbul edilmiş bir sıra müayinələrdən keçir (şikayətlər, anamnez, laborator analizlər, EKQ, ağciyərlərin rentgenoskopiyası (ehtiyac yarandığı halda). Xəstənin endoskopik müayinəyə hazırlıq paketinə həmçinin “VAZOFİX” damardaxili kateterinin qoyulması da daxil edilir.

Bütün sadaladığımız göstəricilər aparılan endoskopik müayinələrin həm pasiyent və həm də həkim üçün maksimum dərəcədə rahat, təhlükəsiz və komfortlu şəraitdə keçməsinə zəmin yaradır.

Əksər hallarda adekvat anesteziyanı təmin etmək məqsədilə yalnız propofolun istifadə edilməsi kifayət edir. Lakin aparılan anesteziyanın keyfiyyətini daha da artırmaq məqsədilə göstərişdən asılı olaraq spazmolitiklər (noşpa, platifillin), xolinolitiklər (atropin və analoqları), peristaltikanı azaldan preparatlar (buskopan) tətbiq edilir.

Müayinə qurtardıqdan sonra xəstə anestezioloqun müşahidəsi altında təcili yardım şöbəsinə köçürülür və yalnız həkimin göstərişindən sonra klinikanı tərk edir.

Klinikamızın diaqnosik və operativ endoskopik müdaxilələr (qastro-, kolono-, bronxoskopiya, mədə-bağırsaq traktından, tənəffüs yollarından yad cisimlərin çıxarılması, qanaxmanın saxlanılması, RPXQ, polipektomiya və s.) sahəsindəki 3 illik təcrübəmizə əsasən deyə bilərik ki, düzgün təchiz olunmuş endoskopik kabinet, yüksək səviyyəli anestezioloji xidmət, təcili yardım şöbəsinin yaxınlığı, eyni zamanda professional tibbi heyət istənilən növ prosedurun təhlükəsiz, komfortlu şəraitdə aparılmasına təminat verir.

Umbatov Mehti Əhməd oğlu, həkim-endoskopist

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >


Rambler's Top100