Siz buradasınız: Instrumental diaqnostika/ USM/ ...

HAMİLƏLİK ZAMANI 3D/4D USM

Demək olar ki, hər bir hamilə qadın doğuşa qədər öz körpəsini görməyi arzulayır. Onlar üçün körpənin bətnində necə olması, nə etməsi çox maraqlı olur. Çox vaxt ilk olaraq USM-ə gedərkən də bu kimi suallara cavab axtarırlar. Lakin adi USM bu cür suallara cavab verə bilmir. Bu gün müasir tibbi texnologiyanın inkişaf etməsi sayəsində hamilə qadınların bu xəyalları demək olar ki gerçəkləşib. 3D/4D USM texnologiyasının köməyilə hər bir gələcək ana körpəsində nəinki heç bir anomaliyanın olmaması, eyni zamanda onun görünüşü barəsində də ətraflı məlumat ala bilər. USM müasir diaqnostikanın ən təhlükəsiz və informativ müayinə metodudur. Ultrasəs datçiki yüksək tezlikli səs dalğaları şüalandırır. Bu dalğalar insanın eşitmə üzvü tərəfindən hiss edilməyəcək qədər yüksək tezlikli dalğalardır. Bu dalğalar müayinə olunan obyektə yönəldilir, əks olunur və xüsusi aparat vasitəsilə toplanaraq monitorda təsvir halına düşür.

Hal-hazırda çox geniş yayılmış ikiölçülü USM diaqnoz qoymaq üçün çox dəqiq informasiya verir. Lakin bu müayinənin verdiyi məlumat yalnız ixtisaslı həkimin başa düşəcəyi səviyyədə olur. Valideynlər üçün isə çox vaxt bu məlumat sirr olaraq qalır.

İkiölçülü və üçölçülü USM aparatları xarici görünüşünə görə bir-birindən demək olar ki, fərqlənmir. Yalnız xüsusi hazırlanmış modul və datçik bu apratları bir-birindən fərqləndirir. Bu çox vacib bir məqamdır. Çünki əksər hallarda bu müayinə metodunun ana və uşaq üçün zərərli olması barəsində düzgün olmayan informasiyalar yayılır. Nəzərə almaq lazımdır ki, bu müayinə metodunda ultrasəs dalğalarının gücü və intensivliyi dəyişilmir, yalnız aparatın proqramına yeni funksiyalar əlavə olunur. İkiölçülü USM-dən fərqli olaraq bu funksiyaların əlavə olunması diaqnostik imkanları bir qədər də genişləndirir. Üçölçülü USM-in verdiyi məlumatlar döldə olan xarici inkişaf qüsurlarını təyin etmək üçün daha əhəmiyyətlidir. 3D/4D USM-in köməyilə həkim dölün bədəninin ayrı-ayrı hissələrinə eyni zamanda 3 proyeksiyada baxa bilər. Bətndaxili inkişaf qüsurlarını vaxtında aşkar etmək üçün bu çox vacibdir. 3 ölçülü müayinələrin nəticələri ətrafların, onurğa sütununun, üz nahiyəsinin inkişaf qüsurlarını təyin etmək üçün əvəzolunmazdır. 4 D funksiyası isə nəinki üçölçülü təsviri görməyə eyni zamanda alınmış təsviri istənilən bucaq altında çevirməyə imkan verir. Bu isə ilk baxışda bədənin görünməyən hissələrinin də ayırd edilməsinə kömək edir.

Hamiləliyin müddətindən asılı olaraq üçölçülü təsvir də müxtəlif olur. Dölün ölçüsü 15 mm-dən artıq olduqda 3 ölçülü USM dəqiq təsvir verə bilir. Hamiləliyin 8-ci həftəsində bədən və baş hissələr, formalaşan ətraflar ayırd edilir. Bəzən bu müddətdə balaca insanın üz nahiyəsini də seçmək mümkün olur.

3D/4D USM aparmaq üçün ən optimal vaxt hamiləliyin 18–30-cu həftələridir. Təxminən 18–21-ci həftədə gələcək körpənin cinsini müəyyən etmək mümkün olur.

Beləliklə üçölçülü USM-in köməyilə hər bir gələcək ana real zaman daxilində təxminən fotoşəkil kimi bir təsvir və dölün hərəkətlərinin videoyazısını əldə edə bilər. Müayinələr CD-diskə də yazıla bilər.