Siz buradasınız: Instrumental diaqnostika/ Endoskopiya/ ...

ÖD DAŞI XƏSTƏLİYİNİN ENDOSKOPİK METODLARLA MÜALİCƏSİ

Öd daşı xəstəliyi bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir. Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).

Beləliklə, öd daşı xəstəliyinin müalicəsi aşağıdakı istiqamətlərdə aparılır:
  • ödün litogenliyinin azadılması
  • öd daşı xəstəliyinin ağırlaşmalarının qarşısının alınması (öd kisəsinin iltihabı, irinləməsi, ağrı sindromu və s.)
  • öd yollarının anatomik anomaliyalarının cərrahi korreksiyası

Müasir texniki nailliyyətlər öd daşı xəstəliyinin cərrahi müalicəsinə baxışları kökündən dəyişmişdir. Yeni metodlar xəstələrin əməliyyatı daha yüngül keçirməsinə şərait yaradır. Əməliyyat zamanı qanaxma minimuma endirilir, əməliyyatdan sonrakı ağırlaşmaların qarşısı alınır, praktiki olaraq postoperasyon kosmetoloji defektlər qeydə alınmır. Müasir müalicə metodlarını başa düşmək üçün təqribi də olsa biliar sistemin quruluşunu təsəvvür etmək lazımdır.

  

Şəkil 1 - Ödçıxarıcı yolların ümumi quruluş sxemi

1) 12 barmaq bağırsaq soğanağının böyük məməciyi, 2) Öd kisəsinin dibi, 3) Öd kisəsinin cismi, 4) Hartman cibi, 5) Öd kisəsinin boynu, 6) Öd kisəsi axarı, 7) Spiral (Hayster) qapaq, 8) Qaraciyər daxili öd axarları, 9) Ümumi qaraciyər axarı, 10) Ümumi öd axarı, 11) Mədəaltı vəzi axarı, 12) Fater məməciyi, 13) Oddi sfinkteri, 14) 12-barmaq bağırsaq.

Öd kisəsinin dibi, cismi, Hartman cibi, boynu, öd kisəsi axarı, spiral (Hayster) qapaq, qaraciyər daxili öd axarları, ümumi qaraciyər axarı, ümumi öd axarı, mədəaltı vəzi axarı, Fater məməciyi, Oddi sfinkteri, 12-barmaq bağırsaq.

Öd daşlarının əsas əmələ gəlmə və inkişaf ocağı öd kisəsidir. Qaraciyər hüceyrələri tərəfindən sintez olunan öd öd kisəsində toplanır. Bu öd litogen xüsusiyyətə malikdir və müəyyən şəraitdə kristallaşaraq daş əmələ gətirir.

Biz bu məqalədə öd daşı xəstəliyinin ən geniş yayılmış ağırlaşmalarından biri olan mexaniki sarılığın müalicəsinə toxunacağıq. Mexaniki sarılıq ümumi öd axarı mənfəzinin hansı bir maneə ilə tutulması nəticəsində inkişaf edir (aşağıdakı şəkilə bax). Əksər hallarda xəstədə qaraciyər sancısı şəklində kəskin ağrılar meydana çıxır, ağrı bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Bu zaman bədən temperaturu 38-39 C-yə qədər yüksələ bilər, üşütmə, titrəmə hissiyyatı əmələ gəlir.

Əsas xarakterlik simptomlardan biri sarılıqdır. Sarılıq adətən tutmanın sakitləşməsindən 12-24 saat sonra müşahidə olunur. İntoksikasiya ilə əlaqədar xəstənin ümumi vəziyyəti bir qədər də ağırlaşır. Əgər xəstə vaxtında və düzgün müalicə olunmazsa öd yollarının iltihabı – xolangit inkişaf edir. Son zamanlar öd daşı xəstəliyindən əziyyət çəkən xəstələrdə bu tip ağırlaşmanın rast gəlmə tezliyi yüksəlmişdir. Ən çox yaşlı şəxslərdə təsadüf edilir. Əgər gənc yaşlarda əksər hallarda cərrahi əməliyyat aparılırsa, yaşlı şəxslərdə əməliyyat bir qədər riskli hesab olunur. Bunun da səbəbi yaşlı şəxslərdə paralel digər xəstəliklərin də mövcud olmasıdır. Mexaniki sarılıq zamanı aparılan əməliyyatda öd kisəsi xaric olunur (xolesistektomiya) və ümumi öd axarı ilə 12-barmaq bağırsaq arasında anastomoz (xoledexoduodenoanastomoz) qoyulur. Endoskopik metodlar kliniki praktikaya tətbiq olunana qədər demək olar ki, bütün xəstələrdə bu cür açıq əməliyyatlar aparılırdı.

Şəkil 2 - Ümumi öd axarinin bloku sxemi.

I) Öd kisəsi daşla birlikdə, II) Ümumi öd axarı, 1) Ümumi öd axarında blok yaradan daş

Şəkildən də aydın olur ki, mexaniki sarılığın inkişaf mexanizmi öd yolları mənfəzinin daşla tutulması, normal öd axınına maneənin yaranmasından ibarətdir.

Yeni metodun mahiyyəti yüngül anesteziya altında endoskopun fater məməciyinə qədər yeridilməsindən, həmin nahiyədə kiçik kəsiyin aparılmasından və fater məməciyindən keçərək ümumi öd axarında olan daşın 12 barmaq bağırsağın mənfəzinə çıxarılmasından ibarətdir.

Şəkil 3 - Endoskopun Fater məməciyinə qədər yeridilməsi sxemi

1) Qaraciyər, 2) Ümumi öd axarı, 3) 12 barmaq bağırsaq, 4) Mədəaltı vəzi, 5) Endoskop.

Endoskopik metodla mexaniki sarılığın aradan qaldırılması etapları:

  • Endoskopik retroqrad pankreatoxolangioqrafiya. Bu etapda rentgen müayinə altında fater məməciyinə xüsusi kateter (kanyula) yeridilir.
    (sxemə bax) Kanyuladan kontrast maddə vurulur və bununla da öd yollarının boşluğu konrastlaşdırılır. Əgər öd yollarında daş və ya hər hansı bir başqa mexaniki maneə olarsa bu, paralel aparılan rentgenoskopiyada aydın görünür.

Şəkil 4 – Fater məməciyinin kateterizasiyası

1) Kateter, 2) Qaraciyər , 3) Endoskop, 4) Mədəaltı vəzi, 5) 12 barmaq bağırsaq

  • Əgər daş aşkar edilərsə II etap papillosfinkterotomiya (Fater məməciyinin kəsilməsi) aparılır. Bu etap daşın xoledoxdan sərbəst xaric olunması üçün aparılır. Kateter Fater məməciyindən xaric edilir və xüsusi instrument – pappilotom yeridilir. Yüksək tezlikli cərəyanla fater məməciyinin əsasında kəsik aparılır.
  • Konkrementin xoledoxdan xaric edilməsi. Fater məməciyində kəsik aparıldıqdan sonra papillotom xaric edilir və endoskop vasitəsilə daşı çıxarmaq üçün xüsusi “Dormia zənbili” yeridilir.

Şəkil 5 – Sfinkterotomiyanın aparılma sxemi

1) Axarda blok, 2) Endoskop, 3) Öd daşı

  • Əgər daşın ölçüləri çox böyükdürsə litoekstraksiyadan öncə xüsusi litotripter vasitəsilə daşın mexaniki litotripsiyası aparılır, bundan sonra eyni zənbillə daşın qalıqları xaric edilir.

Əməliyyat öz-özlüyündə bir neçə etapdan ibarət olsa da, onun aparılması üçün müasir rentgen aparatı, endoskopik avadanlıqlar, yüksək kvalifikasiyalı endoskopist, təcrübəli rentgenoloq, anestezioloq-reanimatoloq, orta tibb işçiləri tələb olunur. Adətən bir çox endoskopistlər endoskopik papillosfinkterotomiya və litoekstraksiya əməliyyatını yüngül premedikasiya altında aparmağa üstünlük verirlər. Damardaxili ümumi anesteziya altında manipulyasiyanın aparılmasının nə qədər məqsədəuyğun olması hələ də müzakirə olunur.

Istənilən tibbi manipulyasiyanın aparılması (hətta əzələdaxili inyeksiya) müəyyən risklə bağlıdır.

Endoskopik papillosfinkterotomiya zamanı meydana çıxa biləcək ağırlaşmalara aşağıdakılar aid edilir:

  • Kəsik nahiyəsindən qanaxma
  • 12 barmaq bağırsağın perforasiyası
  • Pankreatit

Lakin əldə olunan təcrübə göstərir ki, endoskopik papillosfinkterotomiya açıq üsulla aparılan əməliyyatlara nisbətən daha az ağırlaşmalarla müşahidə olunur.

Sonda onu da qeyd etmək lazımdır ki, bu metod pankreatobiliar sistemin onkolji xəstəliklərində stentlərin qoyulması zamanı çox əlverişlidir. Bu isə öd yolları və mədəaltı vəzinin bir sıra ağır xəstəliklərinin müalicəsində yeni istiqamətlər açır.

Umbatov Mehti Əhməd oğlu, həkim - endoskopist

Qeyd: Məqalənin hazırlanmasında istifadə olunan illüstrasiyalar www.adam.com saytından götürülmüşdür.