Siz buradasınız: Instrumental diaqnostika / EEQ / ...

RU

ELEKTROENSEFALOQRAFIYA (EEQ)

Elektroensefaloqrafiya – baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün ən təhlükəsiz və əlverişli müayinə üsuludur. Baş beyinin elektrik aktivliyi çox aşağı olub voltun milyonda bir hissələri ilə ölçülür, buna görə də onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur.

EEQ (elektroensefaloqramma) – mürəkkəb əyri olub müxtəlif tezliyə və amplituda malik dalğalardan təşkil olunmuşdur. Amplitud və tezlikdən asılı olaraq EEQ-də yunan hərfləri ilə adlandırılan alfa,beta,delta və s. dalğalar ayırd edilir.

N.Tusi adına Klinikada eletroensefaloqrafik müayinələr Telepat 104 aparatı ilə aparılır. Aparat müayinələrin nəticələrini dəqiqləşdirmək üçün xüsusi kompüter sisteminə malikdir. Kompüter elektroensefaloqrafiyasının bir sıra üstünlükləri vardır: EEQ qeydlərinin riyazi hesablanması, spektral və koqerent analiz, rəngli topoqrafik kartlaşdırılma, və s. Bu üstünlüklər beyin strukturunda olan patoloji ocaqların lokalizasiyasını dəqiqləşdirməyə imkan verir.

Müayinə aşağıdakı şəkildə aparılır:

Rezin şlemlər vasitəsilə baş nahiyəsinə kiçik elektrodlar bərkidilir. Elektrodlar ötürücülər vasitəsilə elektroensefaloqrafa birləşdilir. Elektroensefaloqraf onlardan alınmış siqnalları gücləndirərək göstəriciləri kompüterə daxil edir. Müayinə vaxtı xəstə gözləri qapalı vəziyyətdə oturur.

Epilepsiya xəstəliyinin diaqnostikası və müalicə zamanı xəstəliyin dinamikasını müşahidə etmək üçün elektroensefaloqrafiya metodunun rolu əvəzsizdir. EEQ ilk növbədə epileptik tutmanı qeyri epileptik tutmadan fərqləndirməyə və klassifikasiya etməyə imkan verir.

EEQ vasitəsilə aşağıdakılar təyin oluna bilər:

  • Tutmalara səbəb olan patoloji ocaqların lokalizasiyaları
  • Dərman preparatlarının qəbulundan sonra xəstəliyin dinamikası
  • Dərman terapiyasına fasilə vermək, yaxud dayandırmaq


    EEQ kartlaşdırılma

    Normal EEQ Gicgah və təpə payında epileptik ocaq.

VİDEO-EEQ MONİTORİNQ

Bir çox hallarda epilepsiya xəstəliyinə diaqnoz qoymaq üçün adi EEQ müayinəsinin aparılması kifayətdir. Lakin qeyd edilən müayinənin davam etmə müddəti qısa olduğu üçün baş beyinin nadir hallarda özünü büruzə verən bioelektrik aktivliyindəki patoloji dəyişiklikləri aşkar etməyə imkan vermir.

Əgər adi EEQ müayinəsi diaqnozu dəqiqləşdirməyə imkan vermirsə o zaman video-EEQ monitorinqin aparılması məsləhətdir. Bu müayinə zamanı müəyyən müddət ərzində (bir neçə saat) aş beyinin bioelektrik aktivliyi qeydə alınınr. Bu zaman paralel olaraq müayinə video yazıya alınır. Əldə edilmiş video görüntülər və EEQ nəticəsini sinxronlaşdırmaqla həkim bu və ya digər patoloji vəziyyət barəsində ətraflı fikir yürüdə bilir.

Əsasən gündüz saatlarında tutmaların baş verməsi hallarında bir neçə saatlıq EEQ monitorinqin aparılması kifayət edir. Əgər tutmalar gecə saatlarında müşahidə olunursa o zaman yuxu vaxtı aparılan EEQ monitorinq daha ətraflı məlumat verir. Bundan əlavə yuxu vaxtı aparılan EEQ monitorinq bir sıra patoloji halların diaqnostikasında da mühüm rol oynayır. Belə ki, yuxu zamanı epilepsiya üçün xarakterik olan baş beyinin patoloji aktivliyinin qeydə alınması daha da artır.Epilepsiyanın bəzi formalarına diaqnoz qoymaq üçün bir sıra provakasiya metodlarından istifadə olunur. Müxtəlif tezlikli ritmik fotostimulyasiyalar, yuxunun deprivasiyası (müayinədən qabaq gecə yuxusunun məhdudlaşdırılması), hiperventilyasiya və s. bu provakasiya metodlarina aid edilir.

Vaxtinda qoyulmuş diaqnoz və xəstəliyin tipinin dəqiqləşdirilməsi aparılmış müalicənin də daha effektli olmasına imkan yaradır. Eyni zamanda EEQ monitorinq aparılan müalicənin nə dərəcədə effektli olmasını da təyin edə bilir.

N. Tusi adına Knikada EEQ-monitorinq müayinə metodu 25 kanallı Neyroskop 425 aparatı vasitəsilə həyata keçirilir.Aparat əldə edilmiş göstəricilərin kompüter qeydiyyatı sisteminə malikdir, eyni zamanda aparılmış videogörüntülərlə EEQ nəticəni də sinxronlaşdırmaq imkanındadır.
         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >