|
N.Tusi adına Klinika müasir geniş profilli
müalicə-diaqnostika müəssisəsi olub stasionar və poliklinika
şöbələrindən ibarətdir.

Poliklinika şöbəsində
cərrahi və terapevtik olmaqla əsas kliniki xidmət sahələri
fəaliyyət göstərir (ginekologiya,
urologiya, andrologiya,
nefrologiya, psixonevrologiya,
oftalmologiya, otolorinolarinqologiya,
qastroenterologiya,
kardiologiya,
koloproktologiya,
endokrinologiya,
mammologiya,
dermatologiya, allerqologiya, kliniki virusologiya,
pediatriya). Fizioterapiya,
zərbə-dalğalı terapiya,
instrumental diaqnostika və
kliniki laboratoriya da
poliklinik şöbəyə aid edilir. Eyni zamanda poliklinik
şöbənin göstərdiyi xidmət sahələrinə təcili tibbi yardım
xidməti də aiddir.
İnstrumental diaqnostika bölməsi ən
müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Diaqnostik
aparatlar həm ambulator, həm də stasionar şəraitdə xəstələrə
xidmət göstərməyə imkan verir.
Təcili tibbi yardım şöbəsi mobil inhalyasion narkoz
aparatları, xəstənin ürək-damar, tənəffüs sisteminə nəzarət
etmək üçün mobil monitor sistemləri və qanın
oksigenasiyasını təyin etmək üçün xüsusi tibbi avadanlıqla
təchiz edilmişdir. Xəstələrin daşınmasını həyata keçirmək
üçün ən müasir avadanlıqlarla təmin edilmiş təcili tibbi
yardım maşınları fəaliyyət göstərir.
Klinikanın stasionar şöbəsi əməliyyatdan
sonrakı xəstələrlə yanaşı, müxtəlif terapevtik
xəstəliklərin, o cümlədən bəzi mürəkkəb diaqnostik
müdaxiləyə uğrayan xəstələrin müalicəsi və bir sıra tibbi
manipulyasiyaların aparılması üçün bütün imkanlara malikdir.
Stasionar şöbəsi Klinikanın 2 yuxarı
mərtəbəsində yerləşir. İkinci mərtəbədə hər cür komfort
şəraitə malik bir və iki nəfərlik palatalar yerləşir. Hər
bir palata ayrıca sanitar qovşağa və duş kabinəsinə
malikdir. 500 kanallı sputnik televiziya, tam havalandırma
sistemi, kondisioner, klinikadaxili və şəhərə çıxışı olan
telefon əlaqələri, növbətçi tibb bacısının və həkimin
çağırışı üçün xüsusi pultlar xəstənin özünü tam rahat hiss
etməsinə zəmin yaradır.
Üçüncü mərtəbədə əməliyyat bloku, anestezioloji bölmə,
reanimasiya və intensiv terapiya şöbəsi
yerləşir.
Əməliyyat bloku 4 əməliyyatxanadan, alətlərin
sterilizasiyası bloku və tibb işçilərinin işə hazırlıq
otağından (paltarların dəyişdirilməsi, duş kabinəsi) təşkil
olunmuşdur. Beləliklə əməliyyat bloku digər şöbələrdən demək
olar ki, tam izolyasiya olunmuşdur, bu isə xəstəxanadaxili
infeksiyaların yayılma dərəcəsinin minimuma enməsinə səbəb
olmuşdur.
Dörd əməliyyatxanadan üçü endoskopik
tibbi avadanlıqlar istehsalı sahəsində dünya lideri sayılan
“KARL STORZ” firmasına məxsus aparatlar ilə təchiz
olunmuşdur. Bu avadanlıqlar cərrahiyyə,
ginekologiya, artrologiya,
travmatologiya, urologiya, döş
qəfəsi cərrahiyyəsi sahəsində istənilən diaqnostik və
operativ müdaxilələri həyata keçirməyə imkan verir.
Əməliyyat blokunun tabeliyində anestezioloji xidmət
fəaliyyət göstərir. Tibbin ən son yeniliklərini özündə
cəmləşdirən avadanlıqlar nəinki əməliyyat zamanı həkimlərin
rahat şəraitdə işləməsini təmin edir, eyni zamanda paralel
fasiləsiz olaraq xəstənin əsas həyati funksiyalarını
nəzarətdə saxlamağa imkan verir.
Reanimasiya və intensiv terapiya şöbəsi 8 çarpayı üçün
nəzərdə tutulmuşdur. Daha ağır xəstələr üçün isə 2 boks
ayrılmlşdır. Şöbə ürək-damar, tənəffüs sisteminin
fəaliyyətini tam olaraq nəzarətdə saxlamağa imkan verən
monitor sistemləri, intellektual destekli respiratorlarla
təchiz edilmişdir.Eyni zamanda qanın qaz tərkibini təyin
etmək üçün xüsusi avadanlıqdan istifadə olunur. Şöbə sutka
ərzində tam olaraq fəaliyyət göstərir.
N. Tusi adına Klinikada sanitar – epidimioloji xidmət adlı
bir şöbə də mövcuddur ki, bu da geniş profilli aktiv
funksional fəaliyyətli Klinika üçün çox vacibdir.Daimi
olaraq klinikanın sanitar-epidimioloji rejimini nəzarətdə
saxlamaq bu xidmətin əsas funksiyasıdır. Eyni zamanda
requlyar olaraq Klinikanın hər bir işçisi də sağlamlıq
kontrollarından keçirlər.
Klinikanın enerji təchizatı da bütün standartlara uyğun
şəkildə qurulmuşdur. Daimi olaraq elektrik cərəyanının
gərginliyini stabilizə edən sistem – UPS qurulmuşdur. Hər
hansı bir problem baş verdikdə isə avtomatik olaraq
generatorlar işə salınır. Daimi su təchizatı ilə yanaşı,
rezerv olaraq çox tonlu rezerv çənlərdən də ehtiyac
yarandığı hallarda istifadə edilir.
Təhlükəsizlik xidməti 24 saat ərzində Klinikanın
təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
Bir sözlə Klinikanın rəhbərliyi həm işçi personalın, həm də
pasiyentlərin rahatlığı üçün maksimum şərait yaratmağa
çalışmışdır. Bununla da işçilərin effektiv və qənaətbəxş
işinə, pasiyentlərin isə rahat və təhlükəsiz bir şəraitdə
müalicə olunmasına nail olmuşdur.
|